Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzi müharibə iştirakçıları üçün “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinə başlayıb.
Layihənin məqsədi müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılmasıdır.
Layihə ilkin qiymətləndirmə, psixoloji müdaxilə planının tətbiqi və sosial fəaliyyətləri əhatə edir.
Hazırda posttravmatik stres pozuntusundan əziyyət çəkən 60 nəfər müharibə iştirakçısının psixoloji diaqnostikası aparılır. Bundan sonra 20 nəfər layihə iştirakçısı üçün müvafiq fərdi müdaxilə planı tərtib olunacaq. Layihə 3 ay ərzində icra olunacaq.
Qeyd edək ki, layihə üzrə xidmətləri Psixologiya Elmi–Tədqiqat İnstitutunun mütəxəssisləri həyata keçirir.
Zərifə HÜSEYNOVA,
XQ