“DOST” beynəlxalq müsabiqə qalibidir

post-img

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş  “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya və kommunikasiya şöbəsindən aldığımız xəbərdə bildirilir.

Qeyd edilir ki, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı – 2023” mükafatına layiq görülüb. Bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

Müsabiqədə Azərbaycanın  sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb.  Müsabiqənin tədqiqat komandası ölkəmizin bu təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb. Xatırladaq ki, “Wealth & Finance International”  maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.  

Xəbərdə, o da bildirilir ki, bundan bir həftə əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində də qalib seçilib. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub. 

 

Zərifə HÜSEYNOVA, 
XQ

Sosial həyat