“Orada – Zəngəzurda mənim ürəyimin məzarı qalıb”...

post-img

(əvvəli “XQ”nin 25 avqust 2023-cü il tarixli sayında)

Varlığına, həyat yoluna Qərbi Azər­baycan sevdası hakim kəsilmiş soydaş­larımızdan biri də odur – görkəmli yazı­çı-dramaturq, şair-publisist, dövlət xadimi və ən nəhayət, yurdsevər ziyalı Hidayət Orucov. “Xalq qəzeti” olaraq onun keçmiş sovet dövrünün populyar nəşrlərindən sayılan “Literaturnaya qazeta”nın 3 sent­yabr 1993-cü il tarixli sayında yayımlan­mış müsahibəsinin ardını təqdim edirik. 

Hidayət müəllimin həmin müsahi­bədə bölüşdüyü fikirlər soydaşlarımızın Zəngəzur, Göyçə sevgisini məxsusi ça­larlarla zənginləşdirməklə, yurd həsrətini təzələməklə yanaşı, tarixi həqiqətlərə da işıq salmaq baxımından son dərəcə əhə­miyyətlidir. Xatırladaq ki, müsahibə Hi­dayət Orucovun çağdaş publisistikamızın ən dəyərli nümunələri sırasında məxsusi yer almış “Buradan min atlı keçdi” kita­bından götürülüb.

– Bu kompaniya özünü konkret nədə göstərirdi?

– Əvvəla, mətbuatda Vartgesi pis­ləyən məqalələr peyda oldu. “Boş kətil­lər arxasında ad günü” romanı işıq üzü görəndən sonra isə İrəvan Universitetinin tələbələri kitabın nümayişkaranə yandı­rılmasını təşkil etdilər.

– Onlar romanı nədə müqəssir bil­dirdilər ki?

– Orada Vartgesin öz psixologiyası ilə səsləşən belə fikirlər vardı ki, əbədi olaraq keçmişlə yaşamaq olmaz, irəlini düşünmək, qonşu xalqlarla, o sıradan, azərbaycanlılarla, türklərlə xeyirxah münasibətləri inkişaf etdirmək lazımdır, İrəvanda romanın nümayişkaranə yandı­rılmasından sonra Vartges bu fikirləri kita­bın Moskva nəşrində verməkdən ehtiyat elədi. Ancaq ona qarşı kompaniya yenə də dayandırılmadı və o, istefa verməyə məcbur oldu. Çox təəssüf edirəm ki, bu hadisələrdən sonra Vartges sındırıldı və onun mətbuatda, digər yüksək tribunalar­dan sonrakı çıxışları Ermənistanın millət­çi-şovinist ruhlu ziyalılarının ideyaların­dan artıq heç nəyi ilə seçilmədi...

1988-ci ilin iyununda SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasındakı qatı millət­çi, antiazərbaycan çıxışını yadınıza salın. Elə ağ yalanlar dedi ki, hətta Qorbaçov onun ağzına vurdu. Ertəsi gün ona te­leqram göndərdim: “Bilirsən, indiyəcən həmişə uğurlarına sevinmişəm, uğur­suzluqlarından kədərlənmişəm. Dünən axşam ilk uğursuzluğun idi ki, sevindim. Allah ağıl versin”. Yəqin ki, o çıxış Vart­gesin son uğursuzluğu deyildi, amma o teleqram mənim ona son müraciətim oldu, çünki cavab almadım. Və bu gün də mənə elə gəlir ki, Vartges o teleqra­ma cavab verməyə söz tapa bilmir və heç vaxt tapa bilməyəcək.

Silva Kaputikyanın sonrakı peşman­çılığına, o cümlədən, onun “Litqazeta”da­kı müsahibəsinə gəlincə isə deməliyəm ki, mən bu adamın səmimiyyətinə heç vaxt inanmamışam, illah da ki, indi ola. Müsahibəsində deyir ki, dəfələrlə Leonid Brejnevə, Heydər Əliyevə müraciətlər edib, onların diqqətini Dağlıq Qarabağın iqtisadi ehtiyaclarına, orda təhsilin, tarixi abidələrin vəziyyətinə və s. yönəldib. Daha doğrusu, o, yenə də sübut etmək istəyir ki, Dağlıq Qarabağ problemi re­gionda mövcud olmayan uydurma sosi­al-iqtisadi, mədəni problemlərdən törə­yib. 

1988-ci ildə Moskvadan Azərbaycana akademik Xaçaturovun başçılığı ilə xusu­si komissiya göndərilmişdi. Komissiyanın tərkibinə müxtəlif ittifaq nazirliklərinin və təşkilatlarının mütəxəssisləri, habelə Er­mənistan və digər SSRİ respublikalarının nümayəndələri daxil edilmişdi. Onlar bur­da xeyli işləyəndən sonra belə nəticəyə gəldilər ki, Dağlıq Qarabağ Muxtar Vi­layətinin sosial-iqtisadi və mədəni inkişaf səviyyəsi üzrə göstəriciləri Azərbayca­nın, Ermənistanın və bütövlükdə keçmiş İttifaqın müvafiq göstəricilərindən qat-qat yüksəkdir. 

– Hər halda, ziyalılar bəsit, qey­ri-professional siyasətçilərlə birgə Zaqafqaziyada əsas müharibə alo­vunu qızışdırırdılar. Bu gün də məhz ziyalıların mənəvi borcudur ki, bu ey­bəcər özünüməhvetmə maşınını da­yandırmağa birinci cəhd göstərsinlər, nəhayət ki, öz tutarlı sözlərini desinlər.

– Qarabağ hadisələrinə qədər Azər­baycan ziyalılarını heç nədə qınaya bilmərəm. İnanın, mən doğrudan da məsələlərə obyektiv yanaşmağa çalışı­ram. Bizdə, Azərbaycanda axı, heç vaxt milli dözümsüzlük, qonşu xalqlara nifrət ideyalarının daşıyıcıları olmayıb. Əksinə, biz uzun müddət münaqişəni malalama­ğa cəhd eləmişik. Siz 1989-cu, hətta 90-cı ilə qədər respublika mətbuatını nəzər­dən keçirin: opponentlərin ünvanına bir dənə də olsun tənqidi fikir tapmazsınız! Biz əvvəllərdə olduğu kimi, xalqlar dost­luğundan yazır, keçmiş əmin-amanlıq illərinin erməni–azərbaycanlı dostluğun­dan ayrı-ayrı faktları yada salıb misallar gətirirdik. 

Əlbəttə, bu gün artıq hadisələrin həddən artıq dərinləşdiyi bir zaman­da məsələ bir qədər başqa cürdür. İndi arada qəddar, barışmaz münasibətlər mövcuddur və bunu anlamaq çətin deyil. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, mil­yondan artıq insan dəbə-baba torpaqla­rından didərgin salınaraq öz Vətənində qaçqına çevrilmişdir. Azərbaycan bu gün qan içindədir – böyük bir qaçqınlar düşər­gəsinə dönmüşdür. O da var ki, hərdən əsəblərimiz buna tab gətirmir. Ancaq ifrat meyillər heç vaxt bizdə sistemli və düşü­nülmüş şəkildə olmayıb və bütöv nəsillər bu ruhda tərbiyələndirilməyib.

Örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçəcək – deyiblər. Bu dün­yada hər şeyin bir sonu var. Bu dəhşətli müharibənin də axır ki, bir sonu olacaq. Bunun təkcə Ermənistan – Azərbaycan müharibəsi olmadığı bu gün hamıya bəl­lidir. Arxada ikinci, üçüncü qüvvələr var, onlar milli münaqişələrdən öz geosiyasi maraqları üçün istifadə edirlər. Buna görə də Azərbaycan, Gürcüstan və Ermənis­tan üçün yeganə dayaq Qafqaz mənafeyi olmalıdır. 

Mənim şəxsən “Qafqaz evi” ideya­sına rəğbətim var. Əlbəttə, biz yaxın və uzaq xariclə sıx, diplomatik əlaqələri inki­şaf etdirməliyik, lakin bütün problemləri­miz Qafqazda həll olunmalıdır. Ermənis­tanla Azərbaycan ara-sında müharibənin mənəvi, əxlaqi sonu yetişməlidir və mənə elə gəlir ki, bu sonluq artıq yetişib, bəlkə də bir il, il yarım əvvəldən yetişib.

– Hidayət bəy, siz yaradıcı adam­sınız. Bakıya köçəndən sonra uzun müddət “Gənclik” nəşriyyatının baş redaktoru işləmisiniz. Və birdən tale­yinizdə belə bir dönüş baş verib: mil­li siyasət üzrə Dövlət müşaviri təyin edildiniz...

– Bu təklif məndən ötrü gözlənilməz oldu, hərçənd mən bu sahədə işə daxilən hazır idim. Son illər mən mətbuatda mil­li münasibətlərə həsr edilmiş çoxsaylı məqalələrlə çıxış etmişdim, bu sahənin bir çox praktik aspektlərinə yaxından bələd idim. Əlbəttə, bu çox çətin sahədir, elə buna görə də etiraz etməyə haqqım yox idi.

– Bilirəm ki, Dövlət müşaviri kimi Azərbaycanda yaşayan milli azlıqla­rın – talışların, kürdlərin, ləzgilərin və başqa xalqların problemləri ilə fəal məşğul olursunuz. Axır vaxtlar hə­min xalqlar öz milli-mədəni hüquqları barədə daha ucadan danışmağa baş­layıblar.

– Azərbaycan ittifaqın ən beynəlmiləl respublikasından müstəqil dövlətə çevri­lib. Beynəlmiləl ənənələr Azərbaycanda həmişə güclü olub və indi də dövlət struk­turlarının praktik fəaliyyətində dönmədən həyata keçirilir. Azərbaycan əvvəlki etnik tərkibi və Qorbaçov “yenidənqırmasının” əvvəllərindən məruz qaldığı ağır sınaqla­ra baxmayaraq, bu etnik qruplar arasın­dakı mehriban qonşuluq münasibətlərini qoruyub saxlaya bilmişdir. Respublikada yaşayan 300 mindən artıq rusu azərbay­canlılarla qarşı-qarşıya qoymaq üçün nə qədər cəhdlər edildi. Nə qədər şayiələrə, təxribatlara əl atdılar! Yenə də rusdilli əhalinin respublikadan getməsi kütləvi xarakter ala bilmədi. Bu, keçmiş İttifaqın bir çox respublikalarında baş tutdu. 

Əlbəttə, mən deyə bilmərəm ki, biz­də milli münasibətlər sahəsində hər şey yoluna qoyulmuşdur. Biz bunu açıq etiraf edirik. Belə olmasaydı, “Respublikada yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorun­ması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident Fər­manı imzalanmazdı. Həmin fərman keç­miş İttifaqda bu səpkidə ilk sənəddir və ictimai rəydə böyük maraq doğurması da təsadüfi deyil. Fərmanda respublika­da yaşayan milli azlıqların hüquqi, mülki, mədəni hüquqlarının dövlət səviyyəsində qorunmasının əsasları öz əksini tapmış­dır.

Hazırda biz ən ciddi tələblərə cavab verə biləcək yeni milli siyasət konsepsi­yası üzərində işləyirik. Lakin mətbuatın, xüsusən də xarici informasiya orqanla­rının Azərbaycanda insan hüquqlarının, milli-mədəni azadlıqların pozulması fakt­larından həvəslə yazması, son illər milli münasibətlər sahəsində görülən müsbət işləri isə görməməzliyə vurması təəssüf doğurur. Məgər respublikada talış, kürd, ləzgi, rus... dillərində azmı qəzet çıxır? Milli azlıqların dillərində məktəblər, teatr­lar açılır, radio və televiziyada verilişlər gedir. Dövlət çoxsaylı milli-mədəniyyət mərkəzlərinə maddi kömək göstərir.

– Hər halda, rusdilli əhali, kütləvi şəkildə olmasa da, respublikadan kö­çür. Çoxlarını övladlarının taleyi na­rahat edir, valideynlər ehtiyat edirlər ki, respublikada rus dilində təhsil mi­nimum səviyyəyə endiriləcək. Başqa səbəblər də var...

– Bu gün respublikadan gedən təkcə ruslar deyil. Acı da olsa deməliyəm ki, müharibənin və bundan doğan mənəvi problemlərin əziyyətinə dözə bilməyən azərbaycanlılar da gedir. Ancaq, gəlin, günümüzün gerçəkliyinə nəzər salaq: məgər Bakıda rus məktəblərinin sayı azalıb? Yaxud, ali məktəblərdə tədrisi rus dilində gedən bir dənə də olsun fa­kültə bağlanıbmı? Bəzi orta məktəblər qarışıq tədris prinsipinə keçiblər, bu da rusdilli siniflərə obyektiv tələbin azalması ilə əlaqədardır. Əvvəllər Bakıda bir çox azərbaycanlılar uşaqlarını rus məktəblə­rinə qoyurdular, indi isə öz doğma dillə­rində təhsilə üstünlük verirlər. 

Radio və televiziyada rus dilində proqramlar artırılıb. Axır vaxtlar Azər­baycanda rus dilində bir sıra yeni dövri nəşrlər də işıq üzü görüb: “Бакинец”, “Содружество”, “Зеркало”, “Кто есть кто” və s. Bir məsələ də var ki, bir çox rus ailələri artıq Azərbaycana qayıdırlar. Azərbaycan Prezidentinin adına keçmiş İttifaqın bir çox yerlərinə köçüb getmiş rus ailələrindən məktublar daxil olur və bu məktublarda onların qayıtmasına kömək göstərmək xahiş olunur. Hətta Azərbaycanın indiki ağır vəziyyətində qa­yıtmaq istəyənlərin sayı çoxdur! Zənnim­cə, müharibə qurtarandan sonra geriyə belə axın artacaqdır.

– Hidayət bəy, Sizə sonuncu, bəlkə də ən çətin sualımı vermək istəyirəm: bu ağır, qarışıq zamanda Sizə həyan olan hansı əxlaqi dəyərlərdir? Həyat­da adamlara, gözəlliyə inamda kömə­yiniz nədir? Tapındığınız sözmü?

– Doğrudan da, indi çox çətindir. Ha­mıya çətindir. Ən çətin anlarımda mən doğma kəndimizi, uşaqlıq illərini yada salıram. Uşaqlıq illəri insan ömrünün ən təmiz, saf çağlarıdır: onda elə bil səma həmişə mavi, üfüqlər tərtəmiz idi. Öz şe­irlərimdə və nəsr əsərlərimdə mən tez-tez o uzaq illərə qayıdıram. Sanki buz bu­lağın məlhəm suyundan içirəm. Bundan sonra ürəyim yüngülləşir, ümidlərim artır. Həyatda mənim üçün əsas şey nədir? Bəlkə də bir qədər gurultulu səslənəcək, ancaq mənim üçün ən başlıcası - ölkə­min müstəqilliyidir. 

Bu yaxınlarda Amerikada idim. BMT-nin binası qarşısında Vətənimin bayra­ğını başqa dövlətlərin bayrağı ilə yanaşı yellənən görəndə gözlərimdə yaş gilələn­di. O an mən gerçəkdən xoşbəxt idim, hərçənd ki, əsl müstəqilliyə çatmaq üçün hələ nə qədər ağır, çətin yollar keçməli olacağımızı dərindən anlayıram. Və bu mənada Rusiyanın, rus ziyalılarının bü­tün keçmiş SSRİ respublikalarında ge­dən demokratikləşmə prosesində oynaya biləcəyi rol barədə fikirlərimi açıqlamaq istəyirəm.

Bir vaxtlar dostlarla birgə İttifaqın nə vaxtsa çökəcəyi haqda mülahizələrimizi bölüşərək deyirdik ki, rusların özü impe­riyaya münasibətlərini bildirməyincə, bu, baş verməyəcək. Allaha şükür ki, bu mü­nasibəti eşitdik. Ancaq bu gün mən başqa çıxışları da eşitmək istərdim. İstərdim ki, imperiyanın dağılması üçün doğrudan da əvəzsiz xidməti olan demokratik rus zi­yalıları indi də azadlığını, milli ləyaqətini özünə qaytarmış xalqlara, onların həqiqi müstəqilliyinə kömək etsinlər. Belə bir istəyi mən şəxsən Azərbaycana münasi­bətdə hiss etmirəm. Əvvəllər bizə çoxlu rus yazıçısı və şairləri qonaq gələrdi, rus şair – tərcüməçilər arasında mənim çox­lu səmimi dostlarım var. Niyə onlar bizlə əlaqələri birdəfəlik kəsiblər?

Rusiya mətbuatında şayiələr gəzir ki, guya, Azərbaycanda rusları sıxışdırırlar. Gəlin, vəziyyəti öz gözlərinizlə görün. Bir ara rus ziyalıları Baltikyanı dövlətlərin müstəqilliyi ideyasını ehtirasla müdafiə edirdilər. Yadımdadır, hətta yazıçı A.Pris- tavkinin səsi Latviyanın azadlığının mü­dafiəçiləri ilə bir səngərdən gəlirdi. Bakı­da 90-cı ilin Yanvar qırğınına isə demək olar, münasibət bildirilmədi. Götürək elə Azərbaycanda son hadisələri: Dağlıq Qa­rabağ sərhədlərindən kənarda yerləşən Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Cəb­rayıl, Füzuli, Zəngilan və s. rayonlarımız erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Mülki əhalidən minlərlə ölən, yara­lanan oldu, kəndlər yandırılıb külə dön­dərildi, şəhərlər azğıncasına talan edildi. Yüz minlərlə adam yeni köçkünə çevrildi. Bütün dünya narahat olur və bu təcavüzü pisləyir, rus ziyalıları isə susurlar. 

Niyə? İnanmaq olmur ki, bu məsələ­də həlledici amil xristian dininə qulluq edən xalqla həmrəylikdir. Rus ziyalıları anlamalıdırlar ki, bir vaxtlar Azərbaycanı Şərqdə inqilabın qapısı adlandırırdılar, indi isə bizim respublika bu regionda de­mokratiyanın və sivilizasiyanın dayağı ola bilər. Və Azərbaycanda demokratiya­nı dəstəkləmək – Şərqdə demokratiyanın cücərtilərini müdafiə etmək deməkdir.

“Literaturnaya qazeta”, 3 sentyabr, 1993-cü il



Müsahibə