Anadoluda “Türk Vətəni”nin xilas günü

post-img

30 Avqust Türkiyə Cümhuriyyətinin Zəfər Bayramıdır

 

...Türkiyənin parçalanmasının qarşısını almaq üçün təşkil edilən Böyük hücum 1922-ci il avqustin son günlərində Afyonda başlanıb və qardaş Türk Ordusunun qələbəsi ilə başa çatıb. Anadolu torpaqlarının "Türk Vətəni" olduğu bir daha düşmənlərə sübut edilib. O zaman Türk Ordularının Baş Komandanı general Mustafa Kamalın şəxsən rəhbərlik etdiyi böyük hücumun son nöqtəsi avqustun 30-da qoyulub. 

 

Bu zəfər ilk dəfə 1923-cü il avqus­tun 30-da Ankara, Afyonkarahisar və İzmirdə böyük təntənə ilə bayram edi­lib. Növbəti ildə isə Dumlupınarda Çal Kəndi yaxınlarında Cümhurbaşqanı Mustafa Kamal Atatürk şəxsən zəfər mərasiminə qatılıb və ömür-gün dostu Lətifə xanımla birlikdə Naməlum əsgər abidəsinin təməlini qoyub. O vaxtdan Zəfər Bayramı ilbəil çox böyük coşğu ilə keçirilir. Hazırda bu gün, eyni za­manda, Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin milli bayramı hesab olunur. 

O zaman hərbi gücü xeyli zəiflə­dilən, amma Vətən qeyrəti ilə ölüm-qa­lım savaşına qalxan türk xalqı ölkəsinin parçalanıb bölüşdürülməsinə qarşı çıx­dı və ərazi bütövlüyünü bərpa edə bildi. Həmin ərəfədə, necə deyərlər, ayaqları yer almış ingilis və fransız orduları Ça­naqqalaya o əminliklə hücum etmiş­dilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsin­dən yorğun çıxmış türk əsgəri müba­rizə apara bilməyəcək. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə ilyarım ərzində hazır­lanan Türk Ordusu düşməni tapdaq etmək istədiyi torpaqlardan birdəfəlik qovdu. Mustafa Kamal Paşa bu müba­rizəni bütün məzlum millətlərin, bütün Şərqin mübarizəsi adlandırıb. 

Artıq bir əsrdir ki, Türkiyə Silahlı Qüvvələri dünyada ən yurdsevər, mil­lətsevər, bayraqsevər və əyilməz bir ordu sayılır. Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasındakı mü­nasibətlər bu gün bütün sahələrdə ol­duğu kimi, hərbi əməkdaşlıq sahəsin­də də bir nümunədir. Hələ 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bol­şevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşe­viklərin Bakı və ətraf rayonlardakı ağa­lığına son qoyulub. O zaman Bakının işğaldan azad edilməsi XX əsr Azər­baycan tarixinin ən şərəfli səhifələrin­dən biri olub.

Elə Çanaqqala savaşında da azər­baycanlılar gizli yollarla Türkiyəyə ge­dərək öz canları və qanları ilə bütövlük mübarizəsinə qatılıblar. Həmin sınaq və şərəf döyüşündə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olub. Balkan sa­vaşlarında, Türkiyənin İstiqlal müca­diləsində də yüzlərlə azərbaycanlı dö­yüşərək canından keçib. Geliboludakı türk şəhid məzarlıqlarında azərbay­canlılara aid qəbirlər türk zəfərlərində bizim də izimizin olmasını təsdiqləyir. 1915-ci ildə Rusiya və Osmanlı Tür­kiyəsi arasında müharibə başlanan zaman müəyyən sayda soydaşımız Tiflis şəhərində toplanaraq Çanaqqala cəbhəsinə yola düşüb və Türkiyənin harayına tələsib. Eyni zamanda, Gü­ney Azərbaycandan olan həmvətənlə­rimizin də Osmanlı tərəfdə vuruşmaq üçün Qarakilsədə toplaşaraq Gelibo­luya yola düşməsini təsdiqləyən faktlar mövcuddur... 

2016-cı il iyul ayının 15-də İstanbul və Ankarada baş vermiş dövlət çevri­lişi cəhdinin qarşısı alınan zaman da biz qardaşlarımızdan siyasi və mənəvi dəstəyimizi əsirgəmədik. 

Bu gün NATO-nun üzvü olan Tür­kiyə yaxın Şərq və Aralıq dənizi regi­onunda sülhün təminatçısı kimi tanınır. Qardaş ölkə Cənubi Qafqazda da sülh carçısı olan və səsi aydın eşidilən bir dövlətdir. Türkiyənin Qarabağ məsələ­sində tutduğu mövqe, 44 günlük Zəfər yürüşündə bizə hər cür siyasi və mənə­vi dəstək göstərməsi, Ermənistanın iş­ğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər et­məsi qürurvericidir. 

Bu yerdə 2020-ci ilin 10 dekabr – Bakı qələbəliyi, Şərəf nümayişimiz olan Zəfər Paradı yada düşür. Prezident İlham Əliyevlə yanaşı, Prezident Rə­cəb Tayyib Ərdoğan da tədbirdə böyük məmnuniyyətlə iştirak edirdi. 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən parada da qardaş ölkənin rəhbəri qatılmışdı. Azadlıq meydanındakı yüksək tribuna­da 2 prezident – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Qürurlu, qətiyyətli, müdrik, millətinə və dövlətinə böyük sevgi ilə dolu – 2 qardaş! Tribunanın önündən isə mətin addımlarla hər iki ölkənin igid hərbçiləri keçirdilər. Bir daha əmin olduq ki, Azər­baycan–Türkiyə qardaşlığı sarsılmaz­dır. Zəfər Paradı Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin sayı qədər – 3 min mehmetciyin iştira­kı ilə daha da möhtəşəm oldu. Onların bir gün əvvəldən Bakı küçələrindən keçərək hərbi orkestrin müşayiəti ilə türk marşlarını ifa etmələrinə baxdıqca gözümüz, könlümüz işıqlanırdı. 

Vətən müharibəsindən sonra bir­gə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi fərəh doğurmaqla yanaşı, bədxahla­rımıza gücümüzü, birliyimiz göstərir. Hələ bir təlimlərin bəzilərinin adlarına fikir verin: “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “TurAz Qartalı”, “Anadolu ulduzu”, “Erciyes”, “Sarsıl­maz Qardaşlıq”... Necə deyərlər, gö­rünən dağa nə bələdçi!?

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi isə əməkdaşlıq platformasını daha da genişləndirib. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədə­niyyət, təhsil, idman, gənclər siyasəti– demək olar ki, bütün sahələr əhatə olunur. Müdafiə sahəsində əməkdaş­lıq isə xüsusi mahiyyət daşıyır. Bu, o deməkdir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamə­tində işlər uğurla aparılır. Azərbay­can Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Res­publikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbu­lu edib və söhbət zamanı bu, xüsusi vurğulanıb. Ordu generalı M.Gürak Bakıda həmkarları ilə görüşündə Azər­baycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiy­yətini qeyd edib.

...Bəli, Türkiyə və Azərbaycan ən mürəkkəb dövrlərdə bir-birinə qeyd-şərtsiz dəstək olublar. Bizi birləş­dirən köklər Dədə Qorquddan Koroğlu­ya, Mövlanadan Nəsimiyə, Nuru Paşa­dan, Çanaqqala savaşından Qarabağa qədər zəngin bir tarixi özündə yaşadır. Mübarizə və zəfərlərlə zəngin olan son yüzildə birlikdə yaşadıqlarımız isə xalqlarımızı və dövlətlərimizi bir-birinə daha sıx bağlamışdır. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Siyasət