TANAP – Azərbaycandan Avropaya enerji körpüsü

post-img

7 ildə bu kəmərlə 50 milyard kubmetr qaz nəql edilib

Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkətinin mediada yayılan məlumatına görə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans – Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qazın həcmi 50 milyard kubmetrə çatıb. Layihə indiyədək Avropanın enerji təchizatını şaxələndirməklə yanaşı, regional təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verib. TANAP, eyni zamanda Azərbaycan, Türkiyə və Avropa arasında uzunmüddətli iqtisadi və strateji əməkdaşlığın güclənməsinə şərait yaradıb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın ölkənin hüdudlarından kənara nəql edən kəmərin ilk hissəsinin istifadəyə verilməsindən 7 il ötür. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biri olan TANAP regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi sayılan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən birini təşkil edir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. 2015-ci il martın 12-də boru kəmərinin təməli qoyulub. Kəmərin qardaş ölkə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda start verilib. Həmin il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP-ın Türkiyə hissəsinin açılışı keçirilib. Qardaş ölkəyə ilk kommersiya qazının ixracı isə 2019-cu il iyunun 30-da başlayıb. Noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində TANAP-ın Avropa ilə birləşdirilməsinin tamamlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, 5 il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə həmin il noyabrın 30-da istifadəyə verilib.

TANAP layihəsi Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin mərkəzi və əsas hissəsi olan bir layihədir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP layihəsi Gürcüstan–Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə inteqrə edilərək Türkiyə ərazisindən keçməklə Türkiyə–Yunanıstan sərhədində başa çatır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir.

Trans-Anadolu boru kəməri və bütövlükdə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətinin təntənəsidir. Belə ki, ölkəmiz əvvəllər qaz ehtiyatlarını dörd istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib. Beləliklə, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib. Azərbaycan qazının Avropaya nəqli üçün ən etibarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir. Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.

TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılacaq daha bir enerji layihəsidir. Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaran Trans-Anadolu boru kəməri hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olub.

 

 

İqtisadiyyat