Bölgədə yeni parklara 288 milyon manat yatırım qoyulub
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində güclü sənaye potensialı mövcuddur. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq strategiyası çərçivəsində sənayeləşmə siyasəti mühüm yer tutur. Bu məqsədlə regionda istehsal sektorunun inkişafı, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması istiqamətində işlər sürətlə davam etdirilir.
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərin sənaye potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə dövlət başçısının müvafiq fərmanları ilə regionda iri sənaye parkları yaradılıb. Ötən müddətdə Qarabağ və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına göstərilən hərtərəfli dövlət dəstəyi, ərazidə lazımi infrastrukturun qurulması, iş adamları üçün yaradılan münbit şərait, bir sıra vergi güzəştləri yerli və xarici investorların diqqətini cəlb edib. Məhz bunun nəticəsidir ki, son zamanlar sənaye parklarının rezidentlərinin sayı xeyli artıb.
Artıq rezidentlər tərəfindən sənaye parklarında qabaqcıl texnologiyalar əsasında çoxsaylı istehsal müəssisələri yaradılıb. Həmin müəssisələr ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft qaz sektorunun inkişafına mühüm töhfələr verməklə yanaşı, daxili bazarın bir sıra keyfiyyətli sənaye mallarına olan tələbatının ödənilməsinə, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfələr verir.
Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatın əsasən, ötən müddətdə burada investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan Ağdam Sənaye Parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb. Bunun da hesabına 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
Sənaye parkında fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub. Bunun isə 18 milyon manatlıq hissəsi dünya bazarlarına ixrac edilib. Sənaye parkında əsasən tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və metal məmulatlarının, dəmir yolu avadanlıqlarının, elektrik avadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.
Ümumilikdə, Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda parkın qalan əraziləri üzrə sahibkarlardan investisiya müraciətlərinin qəbulu davam edir.
İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının hərəkətə gətirilməsində müstəsna rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Ərazisi 200 hektar təşkil edən bu sənaye parkı logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Parkın əsas fəaliyyət istiqamətləri logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.
Ötən müddətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, o cümlədən bu ilin birinci yarısında 2,7 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Parkların rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.