Qarabağ və Şərqi Zəngəzur Türk bayraqlarının paradına hazırlaşır

post-img

Hələlik isə orada Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın dövlət bayraqları dalğalanır

 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasəti­nin əsas prioritetlərindən bi­ridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının bir­liyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşki­latımız böyük inkişaf yolu keç­mişdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

 

Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədalə­ti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəti­cəsidir ki, qardaşım Qarabağ­da Qələbə qazandı. Bu qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Pre­zident qazana bilər. Belə bir Prezident qardaşımızın varlı­ğından qürur duyuruq.

Şavkat MİRZİYOYEV,

Özbəkistan Respublikasının Prezidenti

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri, bu səfər çərçivəsində işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə getməsi, Füzuliyə qayıtmış keçmiş məcburi köçkünlərə möhtəşəm bir təhsil müəssisəsi hədiyyə etməsi, həqiqətən də, unudulmaz bir tarixi fakt oldu. Bu səfəri Daşkənd və Bakıdan əlavə, həm Özbəkistana, həm də Azərbaycana dost olan ölkələrin mətbuatı da geniş şəkildə işıqlandırdı. Səfərin tarixiliyini sübut edən əsas amillərdən biri də bədxahlarımızın “Türk liderlərinin Qarabağa səfərləri davam edir” – deyə narahatlıq və nigarançılıq keçirməsi idi. 

Ancaq Türk dünyası düşmənlərini narahat edən təkcə bu fakt deyil. On­ları narahat edən Azərbaycanın Türk dünyasındakı fəallığının və təşəbbüs­karlığının artmasıdır. Prezident İlham Əliyevin Praqada Serj Sarkisyana de­diyi “Burada Türkiyə yoxdur, mən bu­radayam” deməsi, “Qardaşım Ərdoğan Bakıya gələ bilmirsə, mən Ankaraya gedərəm” – qətiyyəti hələ uzun müd­dət erməni ideoloqlarının qulağında cingildəyəcək. 

Üstəlik, bu ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra da Prezident İlham Əliyev bütün Türk dünyasında alqışlanan bir təşəbbüslə çıxış etmişdi. Xatırladaq ki, TDT-nin növbəti sammitinin Şuşada keçirilmə­si planlaşdırılmışdı. Ancaq zəlzələdən sonra Prezident İlham Əliyev təşəbbüs­lə çıxış etdi ki, qardaş ölkəyə dəstək məqsədilə zirvə görüşü Ankarada ke­çirilsin. Digər iştirakçı ölkələrin rəhbər­liyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir reallaşdırıldı. Fikrimizcə, bu, bir daha Azərbaycan –Türkiyə qardaşlığı­nın, Türk dünyasında qarşılıqlı dəstə­yin və hörmətin bariz nümunəsidir.

Türkdilli dövlətlər arasındakı qarşı­lıqlı dəstəyi biz həmişə görmüşük və yenə də şahidi oluruq. 44 günlük İkin­ci Qarabağ müharibəsi zamanı daim yanımızda olan Türkiyə işğaldan azad edilmiş ərazilərimizin bərpasında da böyük təşəbbüskarlıq və məsuliyyətlə iştirak edir. Həm Füzulidə, həm də Zən­gilanda istifadəyə verilmiş Beynəlxalq Hava limanlarının ilk rəsmi qonağı məhz cənab Rəcəb Tayyib Ərdoğanın olması bədxahlarımıza göndərilən tə­sirli mesaj idi. 

Ancaq Türk dünyasının Azərbayca­nın yanında olmasını göstərən faktlar bununla yekunlaşmır. Ötən il avqustun bu günlərində ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jo­mart Tokayev avqustun 24-də Azər­baycan Prezidenti İlham Əliyevlə birlik­də Füzuli şəhərinə getmiş, bu ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmuşdular.

“Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev tədbir iştirakçılarına məlumat vermişdi ki, bu layihə Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq – dulusçuluq sənəti, hey­kəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya... Əlavə edək ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa edilir. Bu­rada uşaqların yaradıcılığını üzə çıxar­maq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Onu da əlavə edək ki, Azərbaycan Prezidentinin Qazaxıstanın “Altın kı­ran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, İlham Əliyevin Azərbaycan –Qazaxıstan münasibət­lərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Biz məmnunuq ki, Azərbaycan və Qa­zaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirirlər. Tarixi zəfərimizdən sonra Qazaxıstan da bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisin­də də Qazaxıstan təmsilçiləri xüsusi mövqe tutur. 

O ki qaldı, cənab Şavkat Mirziyo­yevin Bakı, Füzuli və Şuşaya səfərlə­rinə, fikrimizcə, bu Ermənistan və onun havadarlarının uzun müddət işğal altın­da saxladığı ərazilərimizin bərpasına verilən möhtəşəm dəstəyin göstərici­sidir. Cənab Mirziyoyev Füzuli şəhə­rində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdə dedi ki, qardaşımın qələbəsindən son­ra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim: “Bu gün arzum gerçəkləşdi. Mən sizi qayıdışınız və qələbəniz müna­sibətilə təbrik edirəm. Sizin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dün­ya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik”.

Sonda qardaş ölkənin dövlət başçı­sı tərəfindən azərbaycanlı məktəblilərə hədiyyə edilmiş təhsil müəssisəsinin bəzi göstəricilərini də yada salaq. Mək­təbin açılışında prezidentlərə məlumat verildi ki, Özbəkistan Prezidenti Şav­kat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Mək­təbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqla­rı, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edi­lib. Tikinti işləri yüksək keyfiyyətlə hə­yata keçirilib.

Ən başlıcası, cənab Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibar­lı strateji tərəfdaşdır” sözləri artıq öz təsdiqini dəfələrlə tapmışdır. Prezident İlham Əliyevin fikrincə, zaman sübut etmişdir ki, ölkələrimiz arasındakı həmrəylik, dostluq və qardaşlıq bizə və Türk dünyasına hələ çox uğurlar qazandıracaqdır. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət