Paşinyan əsas qanunda dəyişikliyə israrlıdır

post-img

Baş nazir bunun istənilən halda baş verəcəyini deyir

Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi məsələsi son aylar ölkə daxilində siyasi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Hakimiyyət bunu dövlət idarəçiliyinin müasirləşdirilməsi və sülh prosesinə uyğun hüquqi baza yaratmaq zərurəti ilə əsaslandırır. Müxalifət isə dəyişiklikləri Paşinyan komandasının Azərbaycanın tələblərini yerinə yetirmək və özünün siyasi mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirir.

Bu məsələ cəmiyyət daxilində də ciddi müzakirələr doğurur və müxtəlif təbəqələrdən fərqli reaksiyalar gəlir. Xüsusilə ölkəmizə ərazi iddialarına əsas verən müddəaların yeni konstitusiya layihəsindən çıxarılması mübahisələrin əsas səbəblərindəndir.

Ölkənin baş naziri Nikol Paşinyan bir neçə gün öncə jurnalistlərlə söhbətində yeni konstitusiya məsələsinə aydınlıq gətirib. Bildirib ki, hakimiyyətin yeni konstitusiyanın qəbulu ilə bağlı gündəliyi var: “Mən son tarix kimi 2027-ci ili göstərmişəm, biz hazırda layihə üzərində işləyirik və o hazır olanda referendum keçirəcəyik”. Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində erməni xalqının sülh istəyənlərlə sülh istəməyənlər arasında seçim etməli olacağını bildirib.

Nikol həmçinin bəyan edib ki, lazım gələrsə, ölkənin əsas qanununa dəyişiklik edilməsi ilə bağlı qərar veriləcək və bunun istənilən halda, hətta Konstitusiya Məhkəməsi tərəfindən maneələr olacağı təqdirdə belə, baş verəcəyini açıq şəkildə ifadə edib: “Əgər bizim Konstitusiya Məhkəməsi ratifikasiya prosesində Azərbaycanla indi paraflanmış və sonradan imzalanacaq sülh sazişinin Konstitusiyaya zidd olduğuna qərar verərsə, şəxsən mən əsas qanuna əlavə və dəyişikliklərin təşəbbüskarı olacağam. İndi bu barədə düşünməyə ehtiyac yoxdur”.

Paşinyanın Ermənistan hökumətinin Azərbaycanla sülh sazişi ilə bağlı mövcud baxışını faktiki olaraq bu şəkildə dilə gətirməsi, Konstitusiya Məhkəməsi ilə bağlı verdiyi bu aydın bəyanatlar əsassız deyil. Xatırladaq ki, bir müddət əvvəl qurumun sədri Arman Dilanyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Ermənistanın əsas qanununda, guya nəinki Azərbaycana, heç bir digər ölkəyə ərazi iddialarının olmadığını bildirərək Bakının iddiasını “yalan” adlandırmışdı. Diqqətçəkən odur ki, Dilanyanın bu bəyanatları Paşinyanın Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın olmaması barədə sözlərindən dərhal sonra verilmişdi.

***

Qeyd etdiyimiz kimi, Ermənistan siyasi gündəmində konstitusiyaya dəyişikliklər məsələsi yalnız daxili idarəçilik baxımından deyil, həm də Azərbaycanla sülh prosesi və bütövlükdə, regional sabitlik və sülhlə bağlı strateji əhəmiyyət daşıyır. N.Paşinyanın son açıqlamaları göstərir ki, hökumət bu prosesi uzunmüddətli plan kimi görür və məqsəd sadəcə formal dəyişikliklər aparmaq deyil, ölkənin yeni reallıqlara uyğunlaşdırılmasıdır. Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi və konstitusiya layihəsinin hazırlanması 2027-ci ilə qədər nəzərdə tutulur. Ən mühüm məqam isə onun verdiyi açıq bəyanatdır: əgər Konstitusiya Məhkəməsi sülh sazişini əsas qanunazidd hesab etsə belə, hökumət konstitusiyada dəyişiklik təşəbbüsü ilə çıxış edəcək. Bu, Paşinyanın məsələni yarımçıq buraxmaq niyyətində olmadığını göstərir. Əslində, bu yanaşma məntiqi və ardıcıl görünür. Ermənistan və Azərbaycan bu gün sülh sazişinin imzalanması ilə bağlı həlledici mərhələyə qədəm qoyub. Dövlətin ali qanunu isə ölkənin gələcək kursunu müəyyənləşdirən siyasi sənəddir. Əgər konstitusiyada mübahisəli məqamlar qalacaqsa və onlar beynəlxalq hüquqa uyğun sülh sazişinin imzalanmasına mane olacaqsa, onda Ermənistanla sülhün əldə edilməsi, ölkənin regionda normal mövqeyə sahib olması mümkünsüzləşəcək. Paşinyan bunu anlayır və açıq şəkildə bildirir ki, istənilən halda ölkəsi yeni reallıqlara uyğunlaşdırılmalıdır.

Bütövlükdə, Nikol Paşinyanın verdiyi açıqlamalardan gəlinən qənaət bundan ibarətdir ki, birincisi, Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaqda qərarlıdır. Bu isə öz növbəsində o deməkdir ki, rəsmi İrəvan Bakının Ermənistan konstitusiyasına zəruri düzəlişlərin edilməsi ilə bağlı əsas tələbini yerinə yetirməyə hazırdır. Bundan əlavə, Paşinyan açıq şəkildə bildirdi ki, ölkənin əsas qanununa müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərarın verilməsində sonuncu və yeganə səlahiyyət sahibi Konstitusiya Məhkəməsi deyil, şəxsən özü olacaq. Yeri gəlmişkən, Paşinyan bu ilin mayında “İrəvan dialoqu” beynəlxalq forumu zamanı da bənzər fikirlər səsləndirmişdi. Bildirmişdi ki, Ermənistan qanunvericiliyinə görə, saziş Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir: “Əgər Konstitusiya Məhkəməsi mətnin konstitusiyaya uyğun olmadığına qərar verərsə, Ermənistanda qeyri-adi vəziyyət yaranacaq. Ermənistanın və mənim mövqeyim necə olacaq? Bu zaman mən konstitusiya islahatlarına başlamaq təşəbbüsü qaldıracam. Çünki sülh prosesini və sazişini əldən buraxmaq olmaz. Hərçənd deməliyəm ki, Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların prosedur qaydaları ilə bağlı Konstitusiya Məhkəməsinin əvvəlki qərarından sonra onun başqa cür qərar qəbul etməsi az inandırıcıdır”.

Digər tərəfdən Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın açıqlamaları ziddiyyətli və əslində, qeyri-ciddi təsir bağışlayır. Onun “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur” deməsi həqiqəti əks etdirmir. Çünki Ermənistanın əsas qanununa istinad edən müddəalarda Müstəqillik Bəyannaməsi xüsusi yer tutur və bu sənəddə açıq şəkildə Qarabağla bağlı iddialar qeyd olunub. Yəni bu, sadəcə hüquqi incəlik deyil, konkret siyasi məna daşıyan məsələdir. Dilanyanın dedikləri ilə Paşinyanın mövqeyi arasındakı fərq də buradan qaynaqlanır. Məhkəmə sədri mövcud problemləri görməzdən gəlir, Paşinyan isə onları həll etməyin yollarını göstərir.

Paşinyanın dediyi “əgər Konstitusiya Məhkəməsi sülh sazişinə mane olarsa, dəyişiklik təşəbbüsü ilə çıxış edəcəyəm” fikri düzgün yanaşmadır. Çünki Ermənistan rəhbərliyi hazırda tarixi seçim qarşısındadır: ya qonşularla normal münasibətlər quraraq ölkəni təcrid vəziyyətindən çıxarmaq, ya da köhnə düşüncə tərzi və əsassız iddialar üzündən daimi böhran içində qalmaq. Baş nazir açıq şəkildə birinci variantı seçdiyini ortaya qoyur. Bu, həm də siyasi cəsarət tələb edən addımdır. Çünki bilirik ki, Ermənistanda heç də zəif olmayan radikal revanşist dairələr hələ də əsassız ərazi iddialarını siyasi alət kimi qorumaq niyyətindədirlər.

Konstitusiya Məhkəməsi isə obyektiv mövqe sərgiləmək əvəzinə, populist açıqlamalarla gündəm formalaşdırmağa çalışır. Əgər məhkəmə həqiqətən də müstəqil hüquqi qurum kimi çıxış etsəydi, onda konstitusiyada ərazi iddialarının dolayı yolla əks olunmasını görməli idi. Lakin sədr Dilanyan bu gerçəyi inkar edir, nəticədə həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq aləmə yanlış mesaj ötürür. Bu isə ölkənin hüquq sisteminə etimadı daha da zəiflədir.

S.NAZİMOĞLU
XQ

Siyasət