Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan bir qrup ziyalı Laçın rayonunun Bəylik kəndində tənha şəhid məzarı üzərinə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıb.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu mərasimin “Qərbi azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirildiyini bildirib. 1988-ci ildən bəri ata yurduna ayaq basa bilməyən şair və yazıçılardan Ramazan Səməroğlu köhnə yurdda yenidən məskunlaşan laçınlıları bu mübarək məqam münasibəti ilə ürəkdən təbrik edib və xalqımıza illərlə vurulan yaraların çox dərin olduğunu, buna görə də hər sevinəndə, hər güləndə o yaraların sızladığını vurğulayıb.
Şair Zöhrə Xəlili doğulduğu Zəngəzur mahalının həsrətilə qovrulduğunu, düz 32 il, Qarabağ işğaldan azad edilənə qədər həm də bu yurdun dərdini daşıdığını, onun ağrı-acısını çəkdiyini, millətin, Vətənin dərdini öz dərdi bildiyini deyib. Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov Qarabağda camaat üçün hər bir kommunal şəraiti olan evlərin tikilməsindən məmnunluğunu ifadə edib. Yeni məskunlaşma zamanı da müəyyən müddət çətinliklərin olacağına və problemlərin davamlı olaraq aradan qaldırılacağına əminliyini diqqətə çatdırıb.
Fəal ictimaiyyətçi, bir neçə kitabın, 300-dən çox elmi-publisistik məqalənin müəllifi, Ombudsman aparatının işçisi Azadə Novruzova, doğma ocaqlarına qayıdan Bəylik kəndlilərindən Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədov və başqaları 33 il Laçınsız yaşadıqlarından Vətən həsrətinin nə qədər acı olduğunu yaxşı bildiklərini və bir gün Qərbi azərbaycanlıların da onlar kimi öz doğma ocaqlarına qayıdacaqlarını ifadə ediblər.
Mərasim iştirakçılarına son əsrdə ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb. Eyni zamanda, müəlliflər öz kitablarını görüşə gələnlərə hədiyyə ediblər. Xatirə şəkilləri çəkdirilib.
XQ