Yaponiyadan və İtaliyadan olan planetoloqlar Günəş sisteminin ən böyük planeti Yupiterin dəqiq yaşını hesablamağa nail olublar. Onlar kompüter modelləşdirilməsindən istifadə edərək müəyyən ediblər ki, Yupiter Günəş sisteminin yaranmasından təxminən 1,8 milyon il sonra formalaşmağa başlayıb.
Tədqiqatçılar Yupiterin doğuluşunu canlandırmaq üçün xondr adlanan mikroskopik silikat kürəciklərinin davranışını əsas götürüblər. Bu hissəciklər milyardlarla il əvvəl planetesimalların - qədim kiçik kosmik cisimlərin - dərinliklərində yaranaraq kristallaşıb və sonradan meteoritlərin tərkibində günümüzə qədər gəlib çıxıb.
Alimlərin hesablamalarına görə, Yupiter əvvəlcə Mars böyüklüyündə, Yer kütləsinin təxminən 10 faizinə bərabər “embrion” halında olub. Onun cazibə qüvvəsi planetesimalların bir-biri ilə yüksək sürətlə toqquşmasına səbəb olub. Bu proseslər güclü partlayışları xatırladırdı: su buxarlanaraq kosmosa yayılır, silikat qayalar isə parçalanaraq xondrlara çevrilirdi.
Yeni modelləşdirmə göstərib ki, xondrların əsas hissəsi məhz Günəş sisteminin 1,8 milyon il yaşı olanda yaranıb. Bu, Yupiterin intensiv şəkildə qaz toplayaraq ölçülərini sürətlə böyütdüyü dövrə təsadüf edir. Nəticədə planet kütləsini artıraraq indiki nəhəngliyinə çatıb.
Bu gün Yupiter Yer kürəsindən 318 dəfə daha ağırdır və digər bütün planetlərin birgə kütləsindən 2,5 dəfə böyükdür.
Mütəxəssislərin fikrincə, oxşar proseslər Saturn kimi digər nəhəng planetlərin, hətta Günəş sistemindən kənardakı ekzoplanetlərin də yaranması zamanı baş verib. Hesablamalar göstərir ki, qaz nəhənglərinin formalaşması üçün orta hesabla bir-iki milyon il tələb olunur ki, bu da Yupiterin doğuluş vaxtı ilə üst-üstə düşür.
S.ELAY
XQ