Qafqazdan Yaxın Şərqə “mavi axın”

post-img

Azərbaycan qazının Suriyaya ixracı dinc həyatın bərpasına önəmli dəstəkdir

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın Suriyada yeni hökumətin iqtidara gəlməsini böyük ruh yüksəkliyi ilə qarşılaması və dəstəkləməsini diqqətə çatdıraraq bu ilin aprelində Türkiyədə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşdüyünü və onu ölkəmizə səfərə dəvət etdiyini bildirib.

Dövlətimizin başçısı, Əhməd Əl Şaraanın rəsmi səfərindən sonra bu ölkəyə humanitar yardım edildiyini, eyni zamanda Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşma imzalandığını vurğulayıb. Xatırladaq ki, bu prosesin açılış mərasimi avqustun 2-də keçirilib və Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilməyə başlanıb, Qətər hökuməti isə bunun üçün vəsait ayırıb. Beləliklə, ilkin razılaşma əsasında ölkəmiz 1,2 milyard kubmetr qazın Suriyaya ixracını gerçəkləşdirib. Lakin onlara daha çox “mavi yanacaq” tələb olunduğu üçün gələcəkdə qazın həcminin artırılması qərarına gəlinib.

Müstəqillik qazandığı ilk illərdən etibarən Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş kimi formalaşıb. Ölkəmizin zəngin enerji resursları, uzaqgörən siyasəti və diplomatik kursu sayəsində bu gün respublikamız beynəlxalq enerji xəritəsində mühüm oyunçulardan birinə çevrilib. Xüsusilə son illərdə həyata keçirilən transmilli enerji layihələri Azərbaycanın həm regional, həm də qlobal miqyasda rolunu gücləndirib. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı isə beynəlxalq aləmdə bu siyasətin yeni və strateji həlqəsi kimi qiymətləndirilib.

Cari ilin aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə olunan razılaşmalar isə regionda mühüm enerji əməkdaşlığının əsasını qoyub. Bu razılaşmalar yalnız iqtisadi çərçivədə məhdudlaşmayıb, həm də siyasi və humanitar önəm daşıyıb.

Qeyd edək ki, Azərbaycan uzun illərdir ki, enerji diplomatiyasını yalnız qaz və neft ixracı kimi deyil, həm də regionlarda sabitlik və əməkdaşlığın təminatı vasitəsi kimi görür. Bu baxımdan, Suriyaya qaz ixracı ölkəmizin “enerjidən sülh üçün istifadə” fəlsəfəsinin bariz nümunəsidir.

Müharibədən əziyyət çəkmiş Suriyanın sosial-iqtisadi inkişafı üçün enerji təchizatı mühüm şərtdir. İllərlə davam edən münaqişə nəticəsində ölkənin elektrik şəbəkələri, sənaye müəssisələri və kənd təsərrüfatı infrastrukturunun əhəmiyyətli hissəsi zərər görüb. İndi isə bərpa və dirçəliş mərhələsində sabit və davamlı enerji təminatı həlledici amilə çevrilib.

Ekspertlərin fikrincə, Azərbaycan qazının Suriyaya çatdırılması bu prosesdə bir neçə istiqamətdə mühüm nəticə doğuracaq:

– enerji təhlükəsizliyi ilə bağlı Suriyanın qaz təchizatı şaxələnəcək, onun regional bazarlardan asılılığı azalacaq;

– iqtisadi inkişaf sahəsində sənaye və kənd təsərrüfatında istehsal bərpa olunacaq, yeni iş yerləri açılacaq;

– sosial sabitlik baxımından xəstəxanalar, məktəblər, digər sosial obyektlər fasiləsiz enerji ilə təmin ediləcək;

– humanitar sferada əhalinin rifahı artacaq, həyat şəraiti yaxşılaşacaq;

– nəhayət, Azərbaycan qazı Suriyaya yalnız enerji deyil, həm də ümid, sabitlik və sülh gətirəcək.

Azərbaycanın bu təşəbbüsü regionda əməkdaşlıq formatlarının genişlənməsinə də şərait yaradır. Qardaş Türkiyə ərazisindən keçməklə həyata keçirilən bu layihə üçtərəfli əməkdaşlığın başlanğıcıdır. Türkiyə – Azərbaycan – Suriya enerji xətti bölgədə qarşılıqlı etimadı gücləndirməklə yanaşı, gələcəkdə digər sahələrdə də ortaq layihələrin icrasına təkan verəcəkdir. Eyni zamanda bu addım Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin uğurlu nəticəsidir. Rəsmi Bakı hər zaman enerji layihələrini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də siyasi sabitlik və qarşılıqlı fayda modelinin əsas elementi kimi təqdim edib.

Dünya enerji bazarında proseslərin getdikcə mürəkkəbləşdiyi, enerji resurslarına çıxışın bəzi ölkələr üçün çətinləşdiyi bir dövrdə Azərbaycan öz təşəbbüsləri ilə diqqət mərkəzindədir. Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra indi də Orta Şərq regionunda yeni əməkdaşlıq modeli formalaşdırır. Bu, Azərbaycanın həm qlobal, həm də regional miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirir. Azərbaycanın təşəbbüsü ilə Suriyaya qaz ixracı həm də humanitar xarakter daşıyır. Enerji resurslarının münaqişələr və siyasi oyunlar üçün vasitə olduğu bir dövrdə, Azərbaycan onları sülh və inkişaf naminə paylaşmaqla fərqlənir.

Nəhayət, bu layihə yalnız iqtisadi deyil, həm də siyasi mesaj daşıyır. Azərbaycanın Suriyaya qaz ixracı, əslində, ölkəmizin regionda barış, sabitlik və rifah siyasətinin davamıdır. Müharibədən çıxmış bir ölkəyə yardım əlini uzatmaq, onun bərpa və inkişaf prosesinə dəstək olmaq Azərbaycanın humanist diplomatiyasının göstəricisidir. Eyni zamanda bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Enerji siyasəti ilə siyasi-diplomatik missiyanı birləşdirən Azərbaycan regional güc kimi öz mövqeyini təsdiqləyir.

Azərbaycan qazının Suriyaya ixracı təkcə iqtisadi layihə deyil, həm də strateji, siyasi və humanitar əhəmiyyətə malik hadisədir. Bu təşəbbüs Azərbaycan diplomatiyasının çevikliyini, uzaqgörənliyini və humanist mahiyyətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin qlobal çağırışlar fonunda həyata keçirdiyi belə dəyərli təşəbbüslər ölkəmizin məsuliyyətli və praqmatik bir enerji aktoru olduğunu bir daha təsdiqləyir. Dövlətimizin başçısının Antalyada və Bakıda keçirdiyi yüksək səviyyəli görüşlər, bu strateji layihənin siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, onun davamlı və etibarlı icrasına zəmin yaradır.

Layihənin texniki icrası da yüksək səviyyədə təşkil olunub. TANAP və digər mövcud infrastruktur vasitəsilə Azərbaycan qazı Türkiyə ərazisindən Suriyanın şimalına çatdırılır. Türkiyə bu prosesdə həm logistik, həm də texniki dəstək göstərərək regional enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan isə müasir texnologiyalardan və peşəkar resurslardan istifadə etməklə qazın fasiləsiz və dayanıqlı şəkildə ötürülməsini gerçəkləşdirir.

Suriyanın enerji sisteminin bərpası istiqamətində həyata keçirilən bu layihə gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq imkanları da vəd edir. Azərbaycanın Suriyada enerji infrastrukturu, elektrik stansiyaları və digər texniki obyektlərin bərpasında iştirak etməsi də istisna deyil. Bu isə təkcə enerji təminatını deyil, həm də sosial və iqtisadi canlanmanı reallaşdıracaq bir addımdır. Azərbaycan və Türkiyənin Suriyanın bərpası prosesində ortaq mövqedən çıxış etməsi regional həmrəylik və sülh təşəbbüslərinin real nəticələr verdiyini göstərir. Bu əməkdaşlıq modeli, eyni zamanda münaqişədən çıxmış və bərpa mərhələsində olan ölkələrin inkişafına dəstək göstərmək baxımından nümunə ola bilər.

Onu da qeyd edək ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı bir neçə strateji məqsədi həyata keçirir: regionda enerji təhlükəsizliyini möhkəmləndirir, Suriyanın bərpasına dəstək verir, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığı dərinləşdirir və bölgədə sabitlik, əməkdaşlıq və tərəqqiyə yönələn yeni bir səhifə açır. Bu, Azərbaycanın yalnız enerji istehsalçısı və ixracatçısı deyil, həm də sülh, inkişaf və humanitar dəyərlərin daşıyıcısı olduğunu bir daha sübut edir.

Sonda onu da qeyd edək ki, ilkin mərhələdə illik 1,2 milyard kubmetr qaz ixracı Azərbaycan üçün əməliyyat gəlirlərinin əlavə mənbəyi olmaqla yanaşı, Suriya üçün həyati əhəmiyyət kəsb edir. Layihə geniş perspektivdə ildə 2 milyard kubmetrə arta bilər və birgə elektrik təminatı (1,000‑1,200 MW) vasitəsilə müharibədən zərər çəkən bir ölkənin enerji infrastrukturunun bərpasına ciddi töhfə verməyi şərtləndirər.

Bu əməkdaşlıq, eyni zamanda Azərbaycanın iqtisadi diversifikasiyasını, coğrafi portfelini və geosiyasi nüfuzunu artırır, sadəcə enerji ixracatçısı olmaqla kifayətlənməyərək regionun bərpa prosesində fəal rol oynayan tərəfdaş kimi tanınmasını gerçəkləşdirir.

V.BİNYATOĞLU
XQ

İqtisadiyyat