Qərbi Azərbaycanın qaçqın taleli teatrı

post-img

XX əsrin əvvəllərinə qədər əhalisinin 75 faizini azərbaycanlılar təşkil edən İrəvan şəhəri mədəniyyətinin bütün sahələrində olduğu kimi, teatr sənətinin təşəkkülü və inkişafı baxımından da Azərbaycan türklərinin ən qabaqcıl ədəbi-mədəni mərkəzlərdən biri olmuşdur.

Dünya təcrübəsi göstərir ki, bu və ya digər məkanda teatrın meydana gəlməsi və inkişafı üçün əlverişli mədəni şəraitin olması vacibdir. Bu, bir tərəfdən teatr sənətinin sirlərinə hərtərəfli yiyələnmiş kollektivin, digər tərəfdən isə teatr sənəti­ni dərk etməyə qadir tamaşaçı kütləsinin formalaşması ilə bağlıdır. Əgər artıq XIX əsrdə İrəvan şəhərində Azərbaycan teat­rı fəaliyyətə başlayıbsa, bu o deməkdir ki, uzun əsrlər boyu burada yaşayan Azər­baycan türkləri bu dövrdə teatr sənətini yaratmağa və onu anlamağa və yaşat­mağa qadir yüksək mədəni səviyyəyə qalxmışlar.

İrəvan Dram Teatrında 1882-ci ildə səhnəyə qoyulan ilk əsər mövzu baxı­mından o dövr Azərbaycan dramaturgi­yasının aparıcı siması olmuş Nəcəf bəy Vəzirovun əsərləri ilə səsləşirdi. Dramın zərb-məsəl kimi səslənən adı – “Tamah­karlıq düşmən qazanar” ifadəsi Mirzə Fətəli Axundovzadədən Üzeyir Hacıbəy­liyə qədər dram əsərlərində aparıcı yer tutan xəsislik probleminə həsr olunmuş­du. Təəssüf ki, bir sıra araşdırmalarda 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan həmin əsərin müəllifinin Məşədi İsmayıl – İsmayıl bəy Şəfibəyov olduğu barədə yanlış məluma­ta rast gəlirik.

Həqiqət isə budur ki, 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan əsərin müəllifi İrəvanda yaşa­yıb-yaratmış tanınmış ədib Məşədi İs­mayıl Hacı Kazımzadə Bəzmi olmuşdur. İrəvan 3 sinifli şəhər məktəbinin müəllimi Hacı Kazımzadə 1881-ci ildə “Tamahkar­lıq düşmən qazanar” adlı əsərin mövzu­sunu bir neçə dəfə Nəzmiyə danışmış və dram sənətinin sirlərinə yaxından bələd olan Nəzmi isə bu süjeti pyes şəklinə salmışdır. Həmin tamaşadakı Hacı Fərəc rolunu da elə Məşədi İsmayılın özü ifa etmişdir. 

İrəvanın ədəbi-mədəni həyatında fəal iştirak edən Məşədi İsmayıl Hacı Kazım­zadə ömrünün 20 ildən çoxunu İrəvanda maarif sahəsinə həsr etmişdir. İrəvanda teatrın, təhsilin, mədəniyyətin, milli inti­bahın tərəqqisi naminə çalışan, fədakar ziyalılarımızdan biri olan Məşədi İsmayıl Hacı Kazımzadə həm də Bəzmi təxəllüsü ilə xeyli qəzəllər, müxəmməslər, rubailər, qəsidə və qəzəllər yazmışdır.

İrəvan XIX əsrin sonu XX əsrin əv­vəllərində Azərbaycan mədəniyyətinin qabaqcıl mərkəzlərindən biri olmaqla yanaşı, dini fanatizmin geriliyə apardığı məkanlardan biri idi. Bu da, təbii ki, teatr sənətinin inkişafına, xüsusilə, tamaşaçı kütləsinin formalaşmasına mənfi təsir göstərirdi. Teatrın inkişafı yolunda əngəl olan mövhumatla mübarizə aparmaq və onu dəf etmək üçün isə əsl sənət fəda­iləri, vətənsevər insanlar tələb olunurdu. 

Belə fəadakar ziyalılardan biri 1885-ci ildə Qori Müəllimlər Seminariya­sını bitirib, İrəvan Gimnaziyasına təyinat almış maarif xadimi Firudin bəy Köçərli oldu. Firudin bəy 1886-cı ildə gimnazi­yanın tələbələrinin iştirakı ilə, müsəlman fanatlarının təqib və hədələrinə baxma­yaraq, Mirzə Fətəlinin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya qoymuşdur. Sonralar əsər İrəvan teatrının səhnəsində bir neçə dəfə oynanılmışdır.

1892-ci ildən 1905-ci ilə qədər İrə­vanda yaşayan görkəmli yazıçı- publisist Eynəli bəy Sultanov və 1898–1903-cü illərdə böyük ədibimiz Cəlil Məmmədqu­luzadə bu sənət ocağının tərəqqisinə bö­yük səy göstərmiş, teatr həvəskarlarını yeni uğurlara ruhlandırmışlar.

İrəvan Azərbaycan teatrının təşək­külündə və inkişafında hələ gənc yaşla­rında məhz bu teatrda səhnəyə qədəm basmış, sonralar isə onun korifeyinə çevrilmiş Yunis Nurinin də rolu əvəzedil­məzdir.

1903-cü ildə Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Şəfibəyov, Həsən Əliyev kimi açıq fikirli ziyalıların köməkliyi ilə mütəşəkkil həvəskarlar dəstəsi yaradılaraq, teatrın yeni bir inkişaf mərhələsinə qədəm qoy­masına yol açmışdır. Truppaya rəhbərlik gələcəyin böyük aktyoru, teatrın sütunla­rından biri Yunis Nuriyə həvalə edilmişdir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Vasaq Mədətovun “Qırt-qırt”, “Tamahkar­lıq düşmən qazanar”, “Gözə görünməyən şal”, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərləri tamaşaya qoyulmuşdur. 1905-ci ildə er­məni millətçilərinin yaratdıqları qarşıdur­ma və törətdikləri soyqırımı hadisələri ictimai-mədəni həyatın digər sahələri kimi, İrəvan Azərbaycan teatrının da fəliyyətinə əngəl törətmişdir.

Buna baxmayaraq, bu dövrdə Azər­baycan ziyalıları Yunis Nuri, Məmməd ağa Şahtaxtinski kimi mədəniyyət xadim­ləri “Hacı Qara”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “İrəvanda qarət” kimi pyesləri tamaşaya qoymağa nail olmuşdular. Er­mənilərin 1905-ci ildə törətdikləri vəhşi­liklər İrəvanda Azərbaycan mədəni həya­tına ağır zərbə vursa da, teatrın fədakar kollektivi bu sənət ocağının inkişafına tə­kan verməklə yanaşı, tamaşaların bədii səviyyəsini yüksəltməyə də çalışmışlar. 

1905–18-ci illərdə Azərbaycan teat­rının böyük sənətkarları Hüseyn Ərəb­linski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mustafa Mərdanov, Əliqulu Qəmküsar, Zülfüqar Hacıbəyli, Cəlil Bağdadbəyov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyyə Davudova və başqalarının işti­rakı ilə qastrol səfərləri İrəvanın mədəni həyatının oyanmasına, yerli aktyorların səhnə yaradıcılığına, teatrın həvəskar səviyyədən peşəkar mərtəbəyə yüksəl­məsinə böyük təsir göstərmişdir.

1918-ci ildə İrəvanda qaniçən er­məni daşnakları hakimiyyətə gələndən sonra təkcə İrəvanda deyil, hətta bü­tün Ermənistanda Azərbaycan xalqına qarşı kütləvi deportasiya və soyqırımı başlanmışdır: ermənilərin “Böyük Er­mənistan” yaratmaq xülyasının birin­ci hədəfi azərbaycanlılar olmuşdur. 1918–1920-ci illərdə Qərbi Azərbaycan­da minlərlə azərbaycanlı məhv edilmiş, qalanları isə əzablı ölümdən xilas olmaq üçün doğma yurdlarını tərk etməyə məc­bur olmuşdur. Demək olar ki, İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı tam tənəzzülə uğramışdır.

(ardı var)

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent



Mədəniyyət