Azad Qarabağda əks-səda verən muğam

post-img

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla yanaşı, ölkənin ədəbi-ictimai xadimləri, incəsənət nümayəndələri və Laçın rayon sakinləri iştirak ediblər. Müsabiqənin final mərhələsində öz məharətini göstərmək üçün 12 iştirakçı seçilib. Onlar yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək finala yüksəliblər.

Münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.

İlk təəssüratlar zəngindir. Xalq artisti Mələkxanım Əyyubova: “Belə müsabiqələrin işğaldan azad olunmuş torpaqlarımızda keçirilməsi olduqca qürurvericidir. Təşkilatçıların səyi ilə ərsəyə gələn muğam müsabiqəsi muğam ifaçıları, gənclərimiz üçün bir cığır, gözəl bir yol açır. Gənclərimiz muğamları doğru-düzgün mənimsəyir, ustadlardan dərs alırlar, klassik muğamlarımıza yiyələnirlər. Müsabiqədə iştirak edən gənclər bizim gələcəyimizdir”

Xalq artisti Mənsum İbrahimov: “ Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün biz həqiqətən o qələbənin hissini yaşayırıq. Müsabiqə iştirakçıları ələnə-ələnə gəlib, ən yaxşıları finala çıxıb. Heydər Əliyev Fonduna, xüsusi olaraq Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Gənclərimiz, bütövlükdə mədəniyyətimiz üçün xeyirli, uğurlu olsun!”.

Bir-birindən gözəl səslərin dağlarda əks-səda verdiyi yarışmada müxtəlif muğam və təsniflər ifa edilib. Final mərhələsinin ən həyəcanlı anları qaliblərin adları açıqlanan zaman yaşanıb. 8–16 yaşlı yeniyetmələr arasında 3-cü yerə Kənan Tağızadə, 2-ci yerə Murad Nəbizadə, 1-ci yerə isə Əhəd Ağayev layiq görülüb. 16–30 yaşlı gənclər arasında isə 3-cü yeri Rəis Niftəliyev, 2-ci yeri Nərmin Mirzəyeva, 1-ci yeri isə Aytac Bəybalayeva qazanıb. Fərqlənənlərin hamlısı mükafatlandırılıb.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

XQ



Mədəniyyət