Fikrət Qoca – 90
Məlum olduğu kimi, Prezident İlham Əliyev Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 illiyi haqqında sərəncam imzalayıb. Ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmiş novator şair kimi tanınan Fikrət Qoca yaradıcılığında milli şeir ənənələrinə və dünya bədii fikrinin nailiyyətlərinə söykənən söz ustalarındandır.
Çağdaş Azərbaycan poeziyasının parlaq simalarından biri, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünədərki, sənətkarlıq xüsusiyyətləri ilə seçilən şair Fikrət Qocanı 5 il əvvəl cismən itirsək də, o mənəvi olaraq daim bizim aramızdadır. Çünki bir mütəfəkkir kimi hədəfi düz nişan alan söz sərrafı, saf insani duyğu və düşüncələrin şəffaf tərcümanı kimi özünə könüllərdə işıqlı abidə ucaldıb.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Şeirləri 1956-cı ildən mətbuatda çap edilməyə başlanıb. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında, Yazıçılar Birliyində fəaliyyət göstərib, qurumun 1-ci katibi olub. “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Şairin məhəbbət mövzulu şeirlərinin hər biri sirlə dolu qönçə təsiri bağışlayır:
Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!
Onun çap olunmuş kitablarında vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri fəlsəfi-poetik vəhdətdə öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib və üstüörtülü də olsa, milli azadlıqla bağlı arzularını ifadə edib. Nəhayət, 1990-cı illərdə yazdığı ”Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən, necə deyərlər, açıq mətnlə bəhs edib. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil”, “Hələlik, – qiyamətədək” povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.
Fikrət Qocanın M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Şairin duru və axıcı şeirlərinə bəstəkarlar gözəl musiqilər bəstələyiblər. Bu gün də dillər əzbəri olan “Anacan, dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və sair mahnıları yada salmaq kifayətdir. Həmısını da xalqın sevimlisi olan tanınmış müğənnilər öz repertuarlarına daxil ediblər.
Fikrət Qocanın “Qağayı”, “Hamıya borcluyam”, “Stixi”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”, “Seçilmiş əsərləri”, “Eldən elə – dildən dilə”, “Sükutun səsi” və s. kitabları oxucuların ixtiyarına verilib və sevə-sevə oxunub.
...Onunla ilk görüşümüz, səhv etmirəmsə, 1981-ci ildə “Azərbaycan” nəşriyyatında – Vaqif İbrahimin rəhbərlik etdiyi Gənc Yazıçıların Respublika Ədəbi Birliyində keçirilən müzakirələr zamanı olub. Gənclərin şeirlərini səbrlə dinləyən şair dəyərli fikirlərini söyləyib, tövsiyələr verib. Növbəti görüşümüz 1 il sonra Fikrət Qocanın “İnsan xasiyyəti” kitabının Dövlət mükafatına təqdim olunması ilə əlaqədar Sumqayıtda, Kimya Sənayesi İstehsalat Birliyində baş tutub. Xatırlayıram ki, qələmdaş və dostları Salam Qədirzadə, İshaq İbrahimov, Pənah Xəlilov, Vaqif İbrahim çözəl çıxışlar etdilər. Çoxtirajlı “Kimyaçı” qəzetinin əməkdaşı və gənc şair kimi mənə də söz verildi və şairin kitabı haqqında təəssüratlarımı bölüşdüm. Şairin baxışlarında hiss etdim ki, çıxışımdan razı qalıb. Görüşdən sonrakı çay süfrəsi arxasında söhbətdə də bunu məxsusi qeyd etdi.
Fikrət Qocanın yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq məxsusi çalarları ilə üzə çıxıb. F.Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalıb. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.
Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Çətin şair taleyi yaşamış istedad sahibi bir zaman bu barədə belə yazmışdı:
Dünyanın ən ağır yolu gecədir,
Dünyanın ən böyük sevinci səhər.
Mənim çətinliyim mən ölüncədir,
Sonrası? ...sonrası hər şey düzələr.
Bir qədər bədbin ruhlu olsa da, düşünürük ki, çətin sınaqlarla dolu olan ömür ləyaqətli insanlar üçün ölümdən sonrakı xatirələr adasında davam edir. Bu mənada Fikrət Qoca əsərlərində və xatirələrdə yaşayır, müasirimiz olmaqda davam edir.
Ə.DOSTƏLİ
XQ