Türk birliyinin Azərbaycan–Özbəkistan qaynaqları

post-img

Böyük mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı tarixin bütün dövrlərində türk dünyasının, xüsusilə, Azərbaycan və Özbəkistan xalqlarının misilsiz mənəvi sərvəti sayılıb. Nizami yaradıcılığında geniş yer tutan türk sevgisi Əlişir Nəvai irsində özünün yüksək zirvəsinə çatıb. AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovla müsahibəmiz bu mövzudadır. 

– Əlimuxtar müəllim, xalqlarımı­zı birləşdirən ortaq dəyərlər, mənəvi bağlar Dədə Qorqudun vəsflərindən, öygülərindən üzü bəri dostluq və qar­daşlığın təməlidir. Özbək şairi Nəvai Nizamidən 300 il sonra dünyaya gəlsə də, onu özünə ustad sayırdı. Sonrakı əsrlərdə də Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələri davam edib və bu gün ən yüksək səviyyədədir.

– Türkdilli klassik ədəbiyyatın nəhəng siması Mir Əlişir Nəvai dahi Azərbaycan şairi və mütəfəkkri Nizami Gəncəvini özünə ustad sayıb və əsərlə­rində bunu dönə-dönə vurğulayıb. Hətta o, kiçik mənzuməsində Nizamini Gəncə torpağının yetirdiyi qüdrətli sənətkar he­sab edib.

O, Gəncə torpağında yatan müqəddəs insan

Şeir xəzinələri yaratdı kəlamından.

Qiymətli incilərlə bəzədi bu aləmi,

Yoxdur o incilərin sayı ulduzlar kimi.

Nizami, bu dünyada kimi tay tutsam sənə, 

Şeirinin qüdrətinə bərabər olmaz yenə. 

Məhz bu kök üstündə bitən ədəbi-mədəni əlaqələrimizin sonrakı dövrlərinə aid də çoxlu tarixi faktlar var. Məsələn, burada qardaş özbək ədəbiyyatında Ni­zami Gəncəviyə ilk cavab yazan sənət­karlardan biri, XIV əsrin sonu–XV əsrin əvvəllərində Heydər Xarəzmini xatır­lamaq yerinə düşər. O, özbək dilində yazdığı əsərinin müqəddiməsində qeyd edir. “Bərk həyəcanlı idim. Bu zaman, sanki, Nizami Gəncəvi öz mərhəmətli əl­ləri ilə qapını açıb içəri girdi. Ayaqlarına yıxıldım. O lütf ilə əlimdən tutub qaldırdı, “dur!” – dedi: “Bu gün dövran türklərin dövranıdır. Uca səslə türkü oxu! Sazını köklə, məhəbbətlə qopuzunu əlinə al, türk nəğməsi yarat! Şeirdə mənim yo­lum xoşagələndir, gülqənd kimi faydalı­dır. Mən yazdığım xətlə qələm işlət! Mən keçən yola qədəm qoy!” 

Göründüyü kimi, Nizami Gəncəvi “mənim yolumla get” deyir. Bu yol isə dahi Nizaminin özünün gəldiyi, özündən sonra isə bəşəriyyətə, türk dünyasına, müsəlman aləminə miras qoyduğu xü­susi ilahi nizama məxsus Nizami yolu­dur ki, o yol da akademik Rafael Hü­seynovun təbirincə desək, birləşdirən, qovuşduran, həmrəylik təbliğ edən bir yoldur.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələr daha da genişlənib. Dövlətlərarası münasibətlərin forma­laşmasında Ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 1996-cı ildə Azərbaycanın Özbəkistan­da, 1998-ci ildə isə Özbəkistanın Azər­baycanda səfirlikləri fəaliyyətə başlayıb. Daha əhatəli qardaşlığa vəsilə olan ge­niş üfüqlər açılıb, ölkə rəhbərlərinin döv­lət səfərləri reallaşdlırılıb. 

Hazırda Azərbaycan–Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatma­sında Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin şəxsi münasibət­ləri də həlledici rol oynayır. 2022-ci il Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçı­sının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə yaxınlığa böyük önəm verməsinin göstəricisidir. İki ölkə arasında bu vax­tadək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləş­dirilməsi və hərtərəfli əməkdaşlığın inki­şafına dair bəyannamə əməkdaşlıqda möhkəm hüquqi baza yaradıb.

– Demək, ulu Nizaminin və Nəvai­nin türklük sevgisi bu gün gerçəkliyə çevrilib...

– Elədir ki, var. Ədəbi-mədəni əlaqələrin hansı dövrdən başlamasın­dan asılı olmayaraq, Türk dünyasının iki qardaş xalqının dahi mütəfəkkirləri­nin ümumtürk mədəniyyətinə xidmətləri şaxələnərək, yüzillikləri geridə qoya­raq müasir dövrdə prezidentlərimizin apardıqları uğurlu siyasət nəticəsində dostluq və qardaşlığımızın tarixin heç bir dövründə çata bilmədiyi ən yüksək zirvəyə çatıb.

Əgər bu gün biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından, (TÜRK­SOY) Türk Birliyindən, Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkə­zindən, Ortaq Türk dilindən, Beynəlxalq Türk Akademiyasından, Türk Dünyası­nın Mədəniyyət Paytaxtı Şuşadan, 30 illik işğaldan sonra Azərbaycanın Füzuli şəhərində qardaş Özbəkistan Respub­likasının töhfəsi olaraq Əmir Teymurun nəvəsi, dünya şöhrətli riyaziyyatçı, ast­ronom Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəb yaradılmasından danışı­rıqsa, bütün bunlar, təbii ki, Ulu şairlər Nizaminin və Nəvainin böyük diləklərinə və ideallarına uyğundur.

Azərbaycan Milli Elmlər Akade­miyasının Prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan–Özbəkistan əlaqələrindən bəhs edərkən yazır: “Azərbaycan–özbək ədəbi əlaqələri qədim tarixə və böyük ənənələrə malik olsa da əsasən, Əlişir Nəvai üzərində qurulmuşdur. Böyük özbək mütəfəkkiri və şairi Əlişir Nəvainin adı və əsərləri Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin bünövrəsini təşkil edir. Belə də demək mümkündür ki, Əlişir Nəvai Azərbaycan–Özbəkistan ədəbi əlaqələ­rinin rəmzidir. Əlişir Nəvainin böyük us­tad hesab etdiyi Nizami Gəncəviyə mü­nasibəti və Məhəmməd Füzulinin Əlişir Nəvai haqqındakı yüksək fikirləri xalqla­rımız arasındakı ədəbi əlaqələrin məhək daşına çevrilmişdir.” 

– Heç şübhəsüiz ki, bu il avqus­tun 1–4-də Azərbaycanda keçirilmiş Özbəkistan Mədəniyyəti Günləri, ayın 22–23-də qardaş ölkənin Prezidenti Şövkət Mirziyoyevin ölkəmizə dövlət səfəri münasibətlərin genişlənmə­sinə daha güclü stimul verəcək. Bu barədə nə deyə bilərsiniz?

– Özbəkistan Mədəniyyəti günlə­rində iştirak etmək üçün Azərbaycana 200 nəfərdən artıq ədəbiyyat, mədəniy­yət, incəsənət xadiminin gəlməsi, cənab Mirziyoyevin dövlət səfəri çərçivəsində yüksək səviyyəli danışıqlar, Füzuli şəhə­rində yeni evlərə köçən sakinlərlə görüş, məktəb açılışı və Şuşa səyahəti xalqla­rımızın bir-birinə nə qədər yaxın oldu­ğunu dünyaya göstərdi. Eyni zamanda, ilin sonunadək Özbəkistanda keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniy­yəti günləri kimi mədəni tədbirlər hər iki ölkə rəhbərinin siyasi iradəsinin, mədə­niyyətə, incəsənətə, ədəbiyyata göstər­diyi hədsiz diqqət və qayğının parlaq təzahürüdür. 

Yeri gəlmişkən, bir qrup nümayən­də heyəti Gəncə şəhərinə də gəlmişdi və onlar, qədim Nizami yurdundan xoş təəssüratla ayrıldılar.

 

Söhbəti yazdı:
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,

Gəncə



Sosial həyat