“Müqəssir zövq” sənət prizmasında

post-img

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılmış “Müqəssir zövq” adlı sərgidə gənc rəssamlar – Ağaəli Sədirli, Nailə Dadaşzadə, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallının əsərləri nümayiş etdirlir.

İncəsənət insanı başqa canlı­lardan fərqləndirən, onu ali varlığa çevirən başlıca amillərdən biridir. Gözoxşayan memarlıq abidələri, ruhumuzu oxşayan musiqi, mənalı şeir və rəsm əsərləri mənəviyyatı­mızı zənginləşdirir. Belə əsərlərin müəllifləri adlarını tarixə qızıl hərf­lərlə yazdırıb, “ölümsüzləşiblər”. Onlar yaradıcılıqları ilə insanları maarifləndiriblər, zövqlərini yüksəl­diblər.

Təəssüf ki, dövrümüzdə sənətə qarşı müəyyən laqeydlik yaranıb. Pul qazanmaq istəyi yaradıcılıq anlayışının önünə keçib.Sənət kimi bizə təqdim edilən bəzi materiallar­da müəlliflər kütlənin zövqünü yük­səltmək əvəzinə, qazanc gətirən “əsərlər” yaratmağa çalışırlar. Bu da incəsənətin bayağılaşmasına sə­bəb olur. Beləliklə, yaradıcılıq səy­ləri maddiyyata məğlub olur.

Bütün dünyada yaşanan bu ten­densiya “Artım” layihə məkanında açılan qrup sərgisinin əsas tənqid hədəfidir. Əslində, sərginin adı sosi­al termindir, insanın zövqünə, lakin cüzi günah duyğusuna verilən addır.

Sərgidə incəsənət və cəmiy­yətdəki bayağılıq və zövqsüzlük bilərəkdən təhrif olunan portretlər­lə tənqid edilir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimen­tallıq”, “ani emosianal məmnunluq” və “gərəksiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır. Nümayiş olunan əsərlərdə cəmiyyətin də qu­surları göstərilir.

Məsələn, Ağaəli Sədirli və Na­ilə Dadaşzadənin “Xoşbəxt cütlük” fotosessiyasında düşdükləri vəziy­yətdən məmnun olmayan gənclərin suni şəkildə xoşbəxt görünməyə cəhd etdikləri aydın şəkildə hiss edi­lir. Bununla müəlliflər sosial şəbəkə istifadəçilərinin paylaşdığı “xoşbəxt­lik” göstəricisi olan şəkilləri tənqid edirlər. 

Mələk Bayramlının “Həyat, sən nə qəribəsən” fotoşəklində isə insan ömrünün fərqli məqamları göstərilir. Çərçivədəki hər bir element diqqətlə seçilib. Kənara atılmış oyuncaqlar bir vaxtlar insan üçün əhəmiyyət­li olan şeylərin böyüdükdən sonra əhəmiyyətini itirməsinə işarədirsə, stolun üstünə tökülmüş qəpiklər maddi sıxıntılara, çoxsaylı dərman­lar fiziki və psixoloji xəstəliklərə işarədir. Müəllif insan həyatının yaxşı və pis günlərini, hər kəsin qar­şılaşa biləcəyi çətinlikləri müəyyən elementlərlə nümayiş etdirməyə çalışıb.

Ağababa Bağırovun “Pis vərdiş­lər” rəsmində isə ətrafda hər kəs, hətta balaca qız uşağı da siqaret çəkir. Bununla rəssam pis vərdiş­lərə qarşı mübarizə aparmaq lazım olduğunu göstərmək istəyir. 

Hər əsəri fərqli mövzuya toxu­nan, çatışmazlıqları güzgü kimi əks etdirən sərgi sentyabrın 3-nə qədər davam edəcək.

Rüfət MƏHƏRRƏMOV



Mədəniyyət