Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatır.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatır.
Nazirlikdən XQ-yə bildirilib ki, 2025-ci il 1 sentyabr tarixindən balıq ovlama müddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.
Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik.
Əlaqə nömrələri:
Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi - 1652
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi əlaqə nömrələri-
- 012 433 38 02
- 012 433 38 12
- 012 433 38 22