Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan bölgələrin sırası genişlənir.
XQ xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların sayı artıb. 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilib, bu il isə sığorta ödənişləri həyata keçirilən rayonların sayı 41-ə çatıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən zərər çəkmiş təsərrüfatlar üzrə fermerlərə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55% artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.
Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub.
Hesabat dövründə ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə həyata keçirilib. Fermerlərə ən çox zərər vuran təbiət hadisələri isə dolu, sel və subasma, fırtına və leysandır.