Selçuk Karakılıç: İlham Əliyev türk dünyasını birləşdirən liderdir

post-img

"Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasına yönəlik açıq, şəffaf və prinsipial bir siyasəti var. O, bunu gizlətmir, əksinə türk dövlətləri ilə qardaşlıq hüququ çərçivəsində çox özəl bir diplomatiya qurur. Hər fürsətdə və hər siyasi müstəvidə türk dünyasının birliyinə çalışır və bunu tarixi vəzifə, türk millətinin özünə həvalə etdiyi böyük bir missiya kimi qəbul edir". 

Bu sözləri XQ-yə açıqlamasında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Selçuk Karakılıç deyib. 

O, qeyd edib ki, 7 fevral 2024-cü ildə yenidən seçilən Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi: “Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.” Şübhəsiz ki, bu cümlələr təsadüfən deyilmiş siyasi sözlər deyil. Üstəlik bəzi region və Avropa ölkələrinin bundan narahat olacağını bildiyi halda, o, daha cəsarətlə danışır. Azərbaycan siyasətinin balansını nəzərə alaraq bütöv bir regionu tarixi köklərinə yönləndirir. Özünə, mənşəyinə, türk dünyasının aid olduğu ailənin əsillərinə diqqət yetirilməsini və birlikdə hərəkət edilməsini istəyir. 

Azərbaycan Qarabağ Zəfəri ilə bütün türk dünyası ölkələrinə ümid və işıq oldu. Prezident İlham Əliyevin liderliyi ilə digər türk dövlətləri kimi Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan da öz mövqeyini ortaya qoyur. Beləliklə, onların birlikdə hərəkət etmələrində və ortaq qərarlar vermələrində ən böyük amil İlham Əliyevin uzunmüddətli türk dünyası ilə bağlı həyata keçirdiyi siyasətdir. 

Sözsüz ki, bu tarixi missiyada Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə addım atır. Azərbaycanın iqtisadi və siyasi inkişafı uğrunda mübarizə apardığı kimi, Qafqazın və böyük ailəmiz türk dünyasının güclü birliyi üçün də çalışır. 

Azərbaycan Prezidentinin türk dövlətləri başçılarına rəsmi toplantılarda xüsusi və səmimi olaraq “Əziz qardaşım!” deyə müraciəti mühüm önəm kəsb edir. Bu yolla Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dövlət başçılarına hər dəfə “yalnız deyilsiniz, sizin böyük və güclü bir ailəniz var. Türkiyə və Azərbaycan türk dünyasının iki önəmli aktorudur. Ailənizlə birlikdə hərəkət edin, biz birlikdə güclüyük” mesajını çatdırır. 

Son iki ildə, həm ayrıca, həm də müxtəlif rəsmi toplantılar çərçivəsində dəfələrlə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderləri ilə görüşən Prezident İlham Əliyev Türk Dünyası liderlərinə “ortaq tarix, ortaq mədəniyyət, ortaq dil və din” vurğusu edir. O, ölkələrin daxili işlərinə müdaxilə etmədən, hər dövlətin müstəqil olduğunu xüsusi vurğulayır. Bununla yanaşı, Türk Dünyası ölkələrinin mövcud siyasi şərtlərini nəzərə alaraq, regionun və dünyanın ən böyük ailəsi olduğumuzu, mədəni, iqtisadi, hərbi və siyasi əməkdaşlıqların bizi gücləndirəcəyini bildirir və siyasəti ilə bunu həyata keçirir. 

Keçən həftə Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü də tarixi xarakter daşıdı. Bu görüşdə Prezident İlham Əliyevin vermiş olduğu birlik mesajları olduqca önəmlidir. Reallıq odur ki, Prezident İlham Əliyev Türk Dünyası liderlərini ortaq keçmiş və ortaq gələcək anlayışı ilə birlikdə hərəkət etməyə dəvət edir. 

Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının ruhunu yüksəltmək üçün dediyi “Biz birlikdə güclüyük” kəlamını sadəcə Azərbaycan xalqını səfərbər etmək üçün söyləmədiyi aydındır. Bu ifadəni o, xüsusilə Türk Dünyası üçün hər platformada səsləndirir və bununla xüsusi bir siyasət yürüdür. 

Azərbaycan, Özbəkistan və Türkmənistan arasında müxtəlif iqtisadi anlaşmaların imzalandığı bu görüş, əslində regionun iqtisadi inkişafını, rifahının artmasını, ticarət yolları vasitəsilə Türk Dünyasının dünya ilə inteqrasiyasını hədəfləyir. Zəngəzur dəhlizinin açılması üçün fövqəladə səy göstərən İlham Əliyev, bütün Türk Dünyasını əvvəlcə öz daxilində gücləndirməyə, sonra isə Türkiyə–Azərbaycan ortaq platforması ilə böyük bir güc mərkəzinə çevirməyə çalışır. 

Sözsüz ki, Türkmənistan və Özbəkistanın Qarabağda və Şuşada məktəblər, iş mərkəzləri açması Azərbaycanın böyük uğurudur. Çünki Prezident İlham Əliyev Türk Dövlətlərinə qardaşlıq hüququnu xatırladaraq birgə hərəkət ediləndə siyasi, hərbi və iqtisadi zəfərlərin mümkünlüyünü bu yolla anlatmışdır. 

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan ticarət müqavilələri iqtisadi olaraq ciddi gəlir gətirsə də, ən böyük qazanc siyasi xarakter daşıyır və İlham Əliyevin Türk Dünyasını birləşdirən lider kimi tarixə düşəcəyinə başlıca zəmin hesab olunur. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır. Bunun böyük faydası və gözəl nəticələri olacaq. Şübhəsiz, məsələləri artıq öz aramızda müzakirə edib həll edə bilməyimiz böyük siyasətin və strateji baxışın məhsuludur. 

Siyasət