Özbəkistan Respublikasının Vəkillər Kollegiyası və sözügedən Kollegiyanın Qadın Vəkillər Alyansının təşkilatçılığı ilə “Qadın vəkillərin hüquq cəmiyyətində rolu və təsiri” mövzusunda forum keçirilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, hibrid formatında baş tutan tədbirə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova da onlayn formada qoşulub.
Forumun açılışında Özbəkistan Vəkillər Kollegiyasının sədri Şuxrat Sadikov iştirakçıları salamlayaraq, tədbirin məqsədləri və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, qadın vəkillərin cəmiyyətdə rolunun gücləndirilməsinin, onların peşəkar inkişafı və vəkillik sahəsində təşəbbüslərinin dəstəklənməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Dilarə Əfrasiyabova Alyansın yaranma məqsədləri, qadın vəkillərin peşəkar inkişafı və sosial həyatda iştirakının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, eyni zamanda beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Həmçinin forum qadın vəkillərin peşə fəaliyyətində rolunun artırılması və beynəlxalq səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.
Forumda Özbəkistan Respublikasının Vəkillər Kollegiyası Qadın Vəkillər Alyansının yaranmasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Qadın Vəkillər Alyansının dəstəyi və təcrübə mübadiləsi xüsusi qiymətləndirilərək minnətdarlıq ifadə edilib.
Eyni zamanda tədbirdə qadın vəkillərin gələcəkdə təcrübə mübadiləsi aparması, yeni layihələr və əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulub.