Həmişə ədalətli olan Azərbaycan indi də haqlının yanındadır

post-img

Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən.

Biz Ağ Evin Donald Trampdan əvvəlki siyasətini qınayanda da bunu sübut etmişik

Əslində, son günlərin hadisələrini mərhum Zbiqnev Bjezinskinin on illər əvvəl dilə gətirdiyi “Cənubi Qafqaz körpüsü” ifadəsinin “Tramp yolu” (onu Tramp körpüsü və Tramp dəhlizi kimi də adlandırırlar) şəklində ərsəyə gəlməsi kimi də qiymətləndirmək olar. Hamının yadındadır: ABŞ-ın keçmiş Prezidenti Ceyms Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski (28 mart 1928 – 26 may 2017) “Böyük şahmat taxtası” adlı əsərində yazırdı ki, bu bölgə bütün növ qiymətli metal və neft-qaz yataqları ilə zəngindir. Dünyanın enerjiyə olan ehtiyacı yüksələn xətlə dəyişdiyi zaman karbohidrogen ehtiyatları ilə zəngin bu bölgənin əhəmiyyəti daha da artır.

Həmin kitabdakı tezislərin məhz indi reallaşmasının əsas səbəbi siyasətdə və diplomatiyada daim haqlı və ədalətli mövqe tutan Azərbaycanın bu bəşəri dəyərlərinin regionda öz həqiqi qiymətini almaması oldu. Həm Çar Rusiyası, həm Sovetlər dövründə, həm də SSRİ-nin çökməsindən sonrakı illərdə ərazisi hissə- hissə işğal edilən, şəhər və kəndləri xarabalığa çevrilən, əhalisi on illər boyu qaçqın-köçkün taleyi yaşayan Azərbaycanın səsi, sözün həqiqi mənasında, region ölkələri tərəfindən lazımınca eşidilmədi. Üstəlik, öz ərazilərini hərbi-siyasi yolla düşmən tapdağından azad edəndən sonra məğlub ölkəyə sülh təklifləri göndərən (əslində, sülh təklifini kapitulyasiya sənədini imzalayan tərəf irəli sürməli idi) Azərbaycanın siyasi mövqeyi, insani səmimiyyəti beş il cavabsız qaldı.

Belə bir zamanda minlərlə igid övladını qurban verərək torpaqlarını yağı tapdağından azad etmiş Azərbaycan neyləməli idi? Rəsmi Bakı nə etməliydisə, onu da etdi. Bu məqamda bir faktı xüsusilə qeyd etmək zərurəti var. Ermənistan, Rusiya və bəzi Avropa mətbuatı yazır ki, Ağ Ev Cənubi Qafqazı kimlərinsə əlindən alır. Ağ yalandır. Qətiyyən belə deyil. Vaşinqtonda keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir. Biz cənab Trampa ona görə minnətdarıq ki, o, rəsmi Bakının otuz ilə başa sala bilmədiyi Ermənistan rəhbərliyinə həqiqətin harada olduğunu anlatdı. Cənab Tramp Ermənistanın regiondakı və Avropadakı havadarlarına qətiyyətlə dedi ki, Azərbaycan haqlıdır və on illər boyu davam edən münaqişə məhz Prezident İlham Əliyevin dediyi şəkildə həll olunmalıdır.

Şəxsən mən – bu sətirlərin müəllifi son otuz ildə bəlkə də əlli-altmış dəfə yazmışdım ki, beynəlxalq ictimaiyyətin qulağı kardır və ona görə də Azərbaycanın haqq səsini eşidən yoxdur. Cənab Trampın atdığı addımlar isə sübut etdi ki, hamı kar deyil, haqqın səsini eşidib, haqlının maraqlarını təmin etməyə çalışan siyasətçilər də var. Biz buna şad olduq. Amma şad olmaqla kifayətlənməyərək, cənab Donald Trampın Nobel Sülh Mükafatına təqdim edilməsini də bütün səviyyələrdə dəstəklədik.

...Biz şahidik ki, Prezident İlham Əliyevin dünya mətbuatına verdiyi müsahibələrin hamısı milli tariximizə hadisə kimi yazılır. Xüsusən, 44 günlük İkinci Qarabağ müharibəsi günlərində çoxsaylı müsahibələrin hər biri hərb tariximizin salnaməsi kimi qiymətləndirilirdi. Bir neçə gün əvvəl – avqustun 26-da izlədiyimiz müsahibə isə 44 günlük müharibə dövründəki müsahibələrdən beş-altı cəhətdən fərqlənirdi. Çünki dövlət başçımıza 2020- ci ilin payızında ünvanlanan sualların çoxunda (bəlkə də əksəriyyətində) Azərbaycana qarşı ittihamlar irəli sürülür, müharibənin tezliklə dayandırılması zərurəti dilə gətirilirdi. Təbii ki, həmin sualların hamısı yüksək səviyyədə cavablandırılırdı. Dost və qardaş Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Ərəbiyyə” telekanalının əməkdaşı isə dövlət başçımıza məhz dostcasına, qardaşcasına suallar verirdi.

Məsələn, gənc ərəb həmkarımızın təqdimatına diqqət edək: “Əlbəttə, bu görüş ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan sonrakı dövrə təsadüf edir. Bu gün biz həmin tarixi günləri yaşayırıq və həmin məsələ haqqında söhbət açırıq. Eyni zamanda, Azərbaycanın Şərq ilə Qərb arasındakı rolu haqqında da danışacağıq. Həmçinin biz Azərbaycanın Cənubi Qafqazdakı rolunu Prezident İlham Əliyevlə müzakirə edəcəyik”.

Adam, sadəcə, “Əhsən!”– demək istəyir. Ərəb jurnalisti Vaşinqtonda əldə edilmiş razılıqları və imzalanmış sənədləri “tarixi günlər” adlandırır. Doğrudan da “tarixi günlər” deyilsə, bəs nədir? Cənab Prezidentin müsahibənin ilk sualını cavablandırarkən dilə gətirdiyi faktlar bir daha sübut edirdi ki, Azərbaycan xalqı öz tarixi günlərini yaşayır: “Ərazimizin təxminən 20 faizi işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü”.

Biz məhz həmin məhrumiyyətlərin başa çatmasının sevincini yaşayırıq. Cənab Donald Trampın səyləri və atdığı addımlar məhz ona görə alqışlanmalıdır ki, onun təşəbbüsü ilə ərsəyə gələn sənədlər təkcə bizim 1988- 2025-ci illərdə (Azərbaycan tarixi Zəfərdən sonra da dünyanın müxtəlif ünvanlarından təhdidlər eşidirdi) üzləşdiyimiz problemlərin həllinə kömək etmir, həm də 1920-ci ildə ölkəmizdən alınıb Ermənistana verilmiş Zəngəzur ərazisindən Naxçıvana maneəsiz gedib-gələcəyimizə zəmin yaradır. Cənab Prezident müsahibədə həmin məsələyə daha dəqiq münasibət bildirdi: “Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət, Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur”.

Jurnalistin növbəti sualı isə Ermənistanın rəhbərliyini və bu ölkənin ictimaiyyətini yaxşı tanıdığından xəbər verirdi: “Cənab Prezident, Siz Ermənistanın konstitusiyasına düzəlişi qeyd etdiniz. Hazırda sülh haqqında bəhs etdiyimiz zaman düşünürəm ki, əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi?”. Prezident xatırlatdı ki, güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər: “Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”.

Bütün bunlar sübut edir ki, ABŞ Prezidenti Donald Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir. Təbii ki, bunu məqalənin müəllifi demir, Azərbaycan Prezidenti deyir. Həm də bütün dünyada yayılan mötəbər televiziya kanalı vasitəsi ilə: “O, həqiqətən buna layiqdir. O, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub”.

İndi isə qayıdaq yazının əvvəlinə. İkinci sərlövhədə qeyd etdik ki, biz Ağ Evin Donald Trampdan əvvəlki siyasətini qınayanda da haqlı və ədalətli olduğumuzu sübut etmişdik. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində həmin məsələyə də ətraflı şəkildə toxundu: “Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü layiqli şəkildə aparıb. Böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Bütün bataqlıqlar –USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdi. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar”.

Bəli, regionda sözü keçən, özünü hamıdan güclü bilən dövlətlər Ermənistanı “daşı ətəyindən tökməyə” məcbur etmədilər. Daha doğrusu, bunu istəmədilər. Çünki regiondakı istənilən münaqişə kimlərəsə siyasi, iqtisadi qazanc gətirir. Onların etmək istəmədiklərini isə cənab Donald Tramp günün reallığına çevirdi. İndi bəzi region paytaxtlarında Vaşinqtondakı danışıqlar və imzalanan sənədlər haqqında hərzə-hədyan danışmaqla məşğuldurlar. Amma gecdir. Artıq qatar gedib.

İttifaq MİRZƏBƏYLİ

Siyasət