Artıq Yer kürəsini uzun müddətdir ki, maqnit qasırğası bürüyüb. Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar bunun təsirini az, bəziləri isə xəstəlik dərəcəsində hiss edirlər. Belə günlərdə hətta bir çoxlarının halsızlığa, narahatlığa tab gətirməyib yatağa düşdüklərini də eşidirik. Mütəxəssislərin fikrincə, iyulun 12-dən başlayan maqnit qasırğası K-indeksinin 6-cı sinfinə aiddir. Bu, 9 miqyasda 6 bal gücünə malik nəhəng geomaqnit qasırğasıdır. Bir neçə gün sonra geomaqnit sabitlik dövrü başlasa da, qasırğanın gücü, təxminən, iyulun 26-na kimi 3 nöqtə ətrafında qalacaq.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova maqnit dalğalarının insan orqanizminə təsiri ilə bağlı sualımızı cavablandırır:
– İnsultların, hipertoniyanın və infarktların, təxminən, 70 faizi məhz belə havalarda– maqnit burulğanları olan zaman baş verir. Tədqiqatçı alimlərin fikrincə, orqanizm instinktiv olaraq, maqnit sahəsinin dalğalanmalarını həyat üçün təhlükə kimi qəbul edir. Çünki bu, təzyiqin artmasına və digər simptomlara səbəb olur. Bunlar arasında ən çox rast gəlinənlər baş ağrısı, başgicəllənmə, kardiopalmus, təngənəfəslik, yorğunluq və ya əksinə, hiperaktivlik, asteniya (əzələ zəifliyi), sümüklərdə ağrılardır.
Bu əlamətlərin başvermə səbəbinə gəlincə deyə bilərəm ki, maqnit sahəsinin dalğalanmaları zamanı kapilyarlarda (kiçik damarlarda) qan axınına maneə yaranır və toxumaların oksigen aclığı baş verir. Məhz qanda oksigen çatışmazlığından başgicəllənmə, ürək nahiyəsində ağrılar, gözlərin qaralması və şüurun itməsi əlamətləri yaranır.
Bundan başqa, oynaqlarda ağrılar başlayır. Çünki xarici (atmosfer) təzyiqin azalması oynaqlarda daxili təzyiqi çoxaldır. Bu, oynaq kapsulunun və bağların uzanması ilə əlaqədardır ki, bu da ağrıları artırır.
İnsanlar, həmçinin yuxu pozulmasından, depressiyadan, diqqətsizlikdən, əsəbilikdən, narahatlıqdan şikayətlənirlər.
– Maqnit qasırğası ən çox kimlərə təsir edir?
– Əsasən ürək xəstəliyi olan insanlar və qan təzyiqinin aşağı, yaxud yuxarı həddə olmasından daim əziyyət çəkənlər maqnit fırtınasını daha tez hiss edirlər. Belə havalar təzyiqlə bağlı xroniki xəstəlikləri olan insanlara çox təsir edir. Elə insanlar var ki, havadan asılı olurlar. Belə ki, havanın dəyişəcəyini, yağış yağacağını öncədən hiss edirlər. Onlar da maqnit qasırğasından əziyyət çəkirlər. Bundan başqa, hava dəyişikliyi hamilə qadınlara, körpələrə və yaşlılara da neqativ təsir göstərir. Onu xüsusilə qeyd etməliyik ki, maqnit qasırğası havası təmiz, texnologiyadan müəyyən qədər uzaq kənd, dağ yerlərinin əhalisinə təsir etmir. Ondan əsasən, böyük şəhərlərin sakinləri əziyyət çəkir.
– Bu zaman hansı tədbirlər görülməlidir?
– Əvvəla, texniki avadanlıqlarla işləmə vaxtını azaltmaq lazımdır, çünki maqnit fırtınaları təkcə insanlara təsir etmir. Maşın sürənlər ehtiyatlı olsunlar, çünki maqnit qasırğaları zamanı konsentrasiya və diqqət azalır. Stress və emosional partlayışlardan çəkinmək lazımdır. Həddindən artıq yüklənməmək üçün xüsusi konsentrasiya tələb edən işlə məşğul olmaq məsləhətdir. Həddindən artıq fiziki fəaliyyətdən imtina etmək, bunun əvəzinə, gimnastika ilə məşğul olmaq, daha çox gəzmək faydalıdır. Günün saat 12.00 ilə 16.00 arsında çöldə olmamaqda fayda var. Bu, insanları Günəşin ultra-bənövşəyi şüalarından qoruyar. Tez-tez kontrastlı duş qəbul etmək, otağı mütəmadi olaraq havalandırmaq lazımdır. Zərərli, həddindən artıq duzlu və yağlı yeməklərdən, spirtdən istifadə etməməli, meyvələrə, tərəvəzlərə, təzə sıxılmış şirələrə və suya üstünlük verilməlidir. Həddindən artıq yemək, bədən üçün əlavə stressdir. Yuxu cədvəli hazırlamaq, pərdələri möhkəm bağlayaraq adi günlərdəkindən çox yatmaq tövsiyə olunur.
Söhbəti qələmə aldı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


