BP şirkəti ölkənin yüksəkixtisaslı yerli kadrlar yetişdirmək istiqamətindəki səylərinə dəstək olaraq həyata keçirdiyi daha bir sosial sərmayə layihəsinin nəticələrini elan edib. Xatırladaq ki, bu təhsil layihəsi BP-nin dünya səviyyəli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkəmizin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsi olaraq seçilib. Layihə çərçivəsində şirkət aparıcı beynəlxalq universitetlərdə təhsil almaq üçün 15 istedadlı Azərbaycan gəncinin hazırlıq təlimlərini maliyyələşdirib.
“İstedadlı Gənclər üçün Təqaüd Proqramı” layihəsinin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirdi ki, hazırda iqtisadi tərəqqi innovativlik səviyyəsindən asılıdır, ölkələrin gücü bununla ölçülür. Azərbaycanın da inkişaf yolunun buna əsaslandığını vurğulayan nazir müavini qeyd etdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, ölkəmizdə güclü insan kapitalı və müasir innovasiya məkanı formalaşdırılmalıdır. İnnovativ cəmiyyətin qurulmasında ən mühüm amil insan kapitalıdır. Aztəminatlı ailələrdən olan yüksək potensiallı gənclər üçün nəzərdə tutulan bu təqaüd proqramı 10 istedadlı azərbaycanlı tələbəyə dünyanın nüfuzlu ali təhsil müəssisələri tərəfindən təklif olunan və beynəlxalq səviyyədə tanınan keyfiyyətli təhsil almaqda kömək edib.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında təqaüd proqramının nəticələrinin möhtəşəm olduğunu bildirdi. Layihəyə qoşulmaqdan məmnunluğunu bildirən vitse-prezident qeyd etdi ki, BP Azərbaycanın parlaq gələcəyini quracaq istedadlı, dünya səviyyəli milli kadrların yetişdirilməsi istiqamətində ölkənin səylərinə dəstək olmaq öhdəliyinə sadiqdir. B. Aslanbəyli sonda nüfuzlu beynəlxalq universitetlərdən qəbul təklifi almış istedadlı gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzuladı.
Sonda layihə iştirakçılarına sertifikatlar verildi. Universitetlərə qəbul olunmuş gənclərə isə əlavə olaraq BP şirkəti tərəfindən planşetlər hədiyyə edildi.
Qeyd edək ki, layihə iştirakçıları bu cür yüksək keyfiyyətli hazırlıq kurslarının xərclərini qarşılamaq imkanı olmayan aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində qrup və fərdi şəkildə təklif olunan 10 aylıq hazırlıq kurslarında iştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlaşıblar. Dəyəri 42 min 450 manat olan bu layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən yerinə yetirilib.
M. YAQUBZADƏ, “Xalq qəzeti”

