“MİRAS” Azərbaycanı tanıdır

post-img

O, repressiya qurbanı olan maarifçi ziyalı Mirzə Nəsrulla Əmirbəyovun nəslinin davamçısıdır. Bir zaman Bəktaşilər və yeniçərlər Naxçıvana gələndə məhz Mirzə Nəsrulla bəy onları qarşılayıb, öz mülkündə yerləşdirib. Sonralar həmin mülk qızlar üçün məktəbin istifadəsinə verilib. 

Əmirbəyov Naxçıvan Milli Şurasınn Müdafiə Komitəsinin sədri olub. Azər­baycan tarixinə, mədəniyyətinə, təhsi­linə töhfələr verib, müstəsna xidmətlər göstərib. Bu gün isə onun nəticəsi Nigar Helmi Abbasbəyli milli incəsənətimizin miraslarını qoruyub saxlayan, öz fırçası­nın məhsulları ilə zənginləşdirib dünyada tanıdan bir ziyalıdır. 

Nigar xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun nəzdində Beynəlxalq Profesional Rəssamlar Itti­faqının üzvü (IAA/AIAP), "Miras" qrupu­nun yaradıcısı və kreativ direktorudur. 

Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Kollecindən sonra Xəzər Uni­versitetinin beynəlxalq jurnalistika və ing­lis dili filologiyası və tərcüməçiliyi fakültə­sini, həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də, rəssamlıq onun əsas fəaliyyət sahəsi olaraq qalır.

Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub. Azər­baycanı tanıtmaq naminə açdığı sərgilər dünyanın ən mötəbər salonlarında əcnəbi sənətsevərləri heyran edib. "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərləri “Assosiasiya des Artistes Contemporains de Turquie à Paris” və "ART EXPO NEW YORK" tərəfindən təşkil olunmuş "Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi" kimi məkanlarda diqqət çəkib. 

"Miras" brendini yaratması Nigar Hel­minin öz sənətkarlığını yaradıcı təşəb­büslərlə birləşdirmək amalına xidmət edir. Son iki ildə Monako, Nyu-York, Paris, İstanbul kimi şəhərlərdə seyrçiləri özünün rənglər aləmi ilə yaxından tanış edib. Sonuncu sərgisi “Qarabağın Mira­sı” adı ilə bu ilin aprelində Ankarada uğur qazanıb.

Onunla söhbətimizin bəzi məqamları­nı oxuculara təqdim edirik:

– Nigar xanım, sizin əsərlərinizdə güclü milli kolorit hiss olunur. Dünya miqyaslı bir sıra salonlarda öz yaradı­cılığınızla, milli mövzulu sərgilərinizlə Azərbaycanı tanıdırsınız. Azərbaycan mədəniyyət, incəsənət, mübarizlik, qəhrəmanlıq məkanıdır. Xəzər adlı nazlı gözəldən isə ilham alırıq, əcnə­bilər də bizdən əxz edirlər... 

– Elədir. Xəzər dənizi ruhumuzun bir parçasıdır. Mənəvi qida mənbəyimiz, ilham qaynağımızdır. Mənim ev studiya­mın bir divarı tamamilə şəffafdır və dənizi görərək, ona baxaraq bəzən səhərə qə­dər işləyirəm, kətan üzərində rəsmlərimi ərsəyə gətirirəm. Onu da qeyd edim ki, Qarabağla bağlı yaratdığım əsərlərin ilk şahidi də məhz Xəzərdir. Mən səhərə qə­dər “Bayatı-Şiraz” muğamını dinləyərək, “Qarabağın mirası” sərgisini çox qısa müddətdə hazırlayıb ərsəyə gətirmişəm.

– Siz “Miras” brendinin təsisçisi, yaradıcı direktorusunuz. Rəsmləriniz­lə bərabər, burada yaratdığınız zinət əşyalarının hər birinin xüsusi, özəl motivləri var.

– Sual yarana bilər ki, bir rəssamın birdən-birə zinət əşyaları ilə məşğul ol­masına səbəb nədir. Bunun kiçik bir ta­rixçəsi var. Mənim bacım 15 ildən çoxdur ki, vətəndən uzaqlarda yaşayır. İkinci Qarabağ müharibəsi zamanında bir gün mənə zəng etdi ki, orada hədiyyə axta­rırmış. Məşhur bir mağazada bir qab gö­rüb. Baxıb ki, qabın üzərindəki cizgilər sırf Təbriz motivləridir. Məlumat üçün ona deyiblər ki, bu qab guya üzdəniraq qon­şularımıza məxsusdur. 

Bacım bunu mənə böyük ürək yanğı­sı ilə danışdı. Dərhal öz-özümə düşün­düm ki, bu yöndə işlər görmək, milli irs nümunələrimizin qorunmasına kömək et­mək lazımdır. Çox qısa müddətdə həmin “Miras” adlı bu markanı yaratmaq və onu bütün dünya ictimaiyyətinə təqdim etmək qərarına gəldim. 

– Bu markanın və bu məhsulların özəllikləri nədir?

– Bilirik ki, Şuşa bizim tarixi mədəniy­yət mərkəzimizdir, incimizdir. Hazırladığım kolleksiyanın bir nümunəsində – sırğada Xarıbülbül və onun aşağısında sallanan zəncirlər var. Zəncirlərdən xüsusi təyinat­lılarımız Şuşa alınan zaman Cıdır düzünə qalxmaq üçün istifadə ediblər. Beləliklə, yeni zinət əşyası Şuşanı bizə qaytaran cəsur oğullarımızın hünərini təcəssüm et­dirir. Bax, bu zəncirlər o qəhrəman oğul­larımızı, bu qaşlar isə onların ayağının altındakı sıldırım qayaları əks etdirir. 

– Belə işlərdən əsas məqsəd, şübhəsiz, maddi deyil, mənəvi qazanc əldə etməkdir, eləmi? 

– Əlbəttə, mən “Qarabağ” kolleksi­yamda Şuşada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin və Natəvanın dağıdılmış ev-muzeylərinin təsvirini də vermişəm. Bu kolleksiyanı dünyada gəzdirməkdə məqsədim erməni barbarlığını göstər­məkdir. Bu yaxınlarda Ankarada, Prezi­dent iqamətgahında keçirilən sərgimiz Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Tür­kiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, eləcə də Azərbay­can Evinin rəhbəri, professor Aygün At­tarın, illər öncə ulu öndər Heydər Əliyev və İhsan Doğramacı tərəfindən yaradılan Türkiyə–Azərbaycan Dayanışma İş Bir­liyi Vəqfınin xüsusi dəstəyi ilə baş tutdu və öz mahiyyəti ilə yadda qaldı. Orda 20 əsər nümayiş olundu. Hamısı da oğru xislətli ermənilərə tutarlı cavab idi. Məhz bu səbəbdən həmin kolleksiya ilə dün­yanı gəzirəm. 

Nigar xanım sonra dedi ki, bir müəllif kimi, ondan ötrü “Qarabağ” kolleksiyası xüsusi önəm daşıyır. Böyüklərimiz, aidiy­yəti qurumlar uyğun bilsələr, onu Şuşa­ya, istərsə də Qarabağın başqa şəhə­rinə tamamilə təmənnasız hədiyyə etmək istəyir. Elə buna görə də bu nümunələr satılmır.

Bir də onu dedi ki, ölkəmizə Xəzər də­nizinin bir damlası qədər olsa belə, xeyir verməyi səadət sayır Nigar xanım. 

 

Söhbəti apardı:

Fəxriyyə Lilpar İSAYEVA



Müsahibə