Türk xalqlarının mənəvi körpüsü

post-img

Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olan TÜRKSOY-un çoxşaxəli fəaliyyəti eyni kökə mənsub xalqların dövlət qurumları arasında daha sıx ədəbi-mədəni, elmi, iqtisadi əlaqələri əhatə edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ məkanında baş vermiş ictimai-siyasi dəyişikliklər səbəbindən yaranmış yeni əlverişli şərait müştərək türk mədəniyyəti və incəsənətinin vahid təşkilatının yaranmasına da səbəb oldu.

Sovetlər Birliyi dağıldıq­dan sonra müstəqilliklərini qazanmış Türk dövlətlə­rinin regional inteqrasiya məsələləri aktual xarakter aldı. Çağdaş dövrümüzdə müstəqil Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, yəni beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstə­rirlər. Belə bir şəraitdə qardaş Türkiyənin regional inteq­rasiyanın təşəbbüskarı kimi çıxış etməsi gözlənilən bir addım oldu. Yeni müstəqilik qazanmış Türk dövlətləri də bir çox baxımdan Qərb ins­titutlarına uğurla inteqrasiya etmiş Türkiyənin təcrübəsin­dən yararlanmaqda maraqlı olduqları üçün TÜRKSOY-da birləşdilər.

Bu beynəlxalq qurumun yaradılması və fəaliyyət prin­sipləri haqqında Müqavilə ölkələrimizin mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Almatıda im­zalanıb. Nizamnaməyə görə, yeni qurum türkdilli dövlətlə­rin mədəniyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azər­baycan, Özbəkistan, Qırğı­zıstan və Türkmənistandır. Qalan üzvlər isə (onların sayı 8-dir) əsasən, müşahidəçi qismində iştirak edir. Amma bu da bir demokratiya örnə­yidir ki, səsvermə prosedur­larında müşahidəçi ölkələrin də əsas üzvlər kimi eyni hüquqları var.

Bildiyimiz kimi, türk xalq­ları islam dini ilə yanaşı müxtəlif dinlərə sitayiş edir. Amma TÜRKSOY-un ya­radılmasında xalqlarımızın əsasən din deyil, dil prinsip­lərinə üstünlük verilib. Bu təşkilat üzv ölkələrin daxili və xarici siyasətindən, döv­lət strukturlarının siyasi yö­nümündən asılı olmayaraq, onların mədəniyyət və in­cəsənət sahəsində regional birliyini həyata keçirir.

TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədə­niyyət Nazirləri Daimi Şu­rasıdır. Təşkilatın qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin Da­imi Şurasının toplantısında təsdiq olunur. Toplantılarara­sı müddətdə təşkilata nazir­lər sırasından seçilmiş baş direktor rəhbərlik edir. Baş direktor aparatında işçi qru­pundan əlavə, hər ölkədən bir nümayəndə də fəaliyyət göstərir. TÜRKSOY-un Baş direktorluğu Ankarada yerlə­şir; rəsmi dili türk dilidir.

Ulu öndər Heydər Əliye­vin ikinci dəfə hakimiyyətə gəlməsi ilə bu təşkilatın işində Azərbaycanın rolu xeyli güclənib. Bu təşkilatın xəttilə türk dünyasının bir sıra ünlü nümayəndələrinin müştərək yubileyləri təntənə ilə keçirilib. Bu sıraya dahi Azərbaycan bəstəkarı və di­rijoru Niyazinin xatirə gecəsi. Aşıq Pir Aydının xatirəsinə həsr olunmuş I Beynəlxalq Festival, Türkdilli Ölkələrin Opera Günü, dahi Azərbay­can şairi Füzulinin 500 illik yubileyi, Manas eposunun 1000 illiyinə həsr olunmuş beynəlxalq simpozium, ha­belə qazax şairləri Cambul və Abayın yubileyləri, türk ədəbiyyatının əvəzsiz nü­munəsi olan “Kitabi Dədə Qorqud”un 1300 illik yubileyi və neçə-neçə digər mədəniy­yət bayramları aiddir. Xatır­ladaq ki, Oş şəhərinin 3000 illiyi, Məhəmməd Kaşqarlının “Divani-lüğəti türk” əsərinin 925 illiyi, Məhəmməd bəy Qaramanoğlu tərəfindən türk dilinin dövlət dili elan olun­masının 725 illiyi, Əhməd Yəsəvinin 900 illiyi də təşki­latın yaddaqalan tədbirlərin­dən olub.

Sıralamadan da görün­düyü kimi, TÜRKSOY Azər­baycanın görkəmli mədəniy­yət, incəsənət və ədəbiyyat xadimləri ilə bağlı bir çox tədbirlər həyata keçirib. Yeri gəlmişkən, qeyd edək ki, təş­kilat Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Res­publikasında “Nizami Gəncə­vi İli” elan edilmədi haqqında sərəncamına əsasən, dahi şairin 880 illiyinə həsr olun­muş müxtəlif tədbirlər də təş­kil edib. Ankarada – TÜRK­SOY-un qərargahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb, elə­cə də bu il 100 illik yubileyi tamam olan görkəmli Azər­baycan rəssamı Mikayıl Ab­dullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərgi nümayiş olunub.

TÜRKSOY-la UNESCO arasında əlaqələr daim in­kişaf edir və Türk Dünya­sı üçün mühüm əhəmiyyət kəsb edən tarixlər beynəlxalq aləmdə anılır. TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və məc­muələrin nəşr olunmasını göstərmək olar: Qırğızıstanın xalq eposu “Manas”, Abayın seçilmiş əsərləri, Altaydan Dünyaya qədər türk mədə­niyyətinin ümumi motivləri, Başqırd xalq eposu “Ural Batır”, Türkmənistan poezi­yasının antologiyası, türkdilli ölkələrin memarlıq abidələri, Böyük Türk Xaqanlığının ta­rixi, Muxtar Auezovun seçil­miş əsərləri, tatar xalq das­tanı “İdigey”, “Dədə Qorqud” ensiklopediyası, Bulqar-tatar sivilizasiyasının abidələri, Nikolay Katanovun seçilmiş əsərləri və s.

Ötən il martın 31-də TÜRKSOY Bursada Azər­baycan üçün çox əlamətdar bir qərar qəbul edib. Təşki­latın Mədəniyyət Nazirləri Daimi Şurası Şuşa şəhərini 2023-cü il üçün “Türk Dünya­sının Mədəniyyət Paytaxtı” elan edib. Elə həmin ayda cənab İlham Əliyevin sərən­camı ilə TÜRKSOY-un baş katibi Düsen Kaseinovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi ölkəmizdə bu təşkilata yüksək önəm ve­rildiyinin göstəricisidir.

Bu il martın 6-da quru­mun təşəbbüsü və təşkilat­çılığı ilə Türk dünyası ədə­biyyatına yeni nəfəs gətirən TÜRKSOY Yazıçılar Birliyi təsis olunub. Ankaradakı baş qərargahda birliyin təsis toplantısı keçirilib. Məclisdə Qazaxıstan Yazıçılar Birliyi­nin sədri Uluqbek Esdaulet, Qırğızıstan Yazıçılar Birliyi­nin sədri Nurlanbek Kalıbe­kov, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Seyid, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğ­lu, Türkiyə Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Mah­mut Erdemir, Avrasiya Ya­zarlar Birliyinin sədri Yakup Öməroğlu və Türkmənistanın Ankaradakı Səfirliyinin ikin­ci katibi Handurdi Turayev iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY Ya­zıçılar Birliyinin fəxri prezi­denti seçilib. Türk Dövlətləri Yazıçılar Birliyinin yaradılma­sı türk coğrafiyasında yaşa­yan yazıçıların bir-birini tanı­masına, əsərlərinin təbliğinə zəmin yaratmaq, ortaq prob­lemlərin müəyyən edərək həll olunmasına çalışmaq məqsədilə təsis edilib. 

TÜRKSOY-un yeni baş katibi Sultan Raev bu barə­də deyib: “TÜRKSOY bütün türk xalqlarının mədəniyyə­tinə möhkəm körpü olmaq, ədəbiyyat və mədəniyyət vasitəsilə bir-birinə yaxınlaş­dırmaq, onları birliyə, həm­rəyliyə dəvət etmək üçün var gücü ilə çalışır. Türk mədə­niyyətinin lokomotivi ədə­biyyatdır. TÜRKSOY-un baş katibi olaraq mənim ən mü­hüm vəzifələrimdən biri də Türk dünyası sivilizasiyaları­nı bir-birinə yaxınlaşdırmaq, onların ünsiyyətini güclən­dirməkdir. Əsas şüarımız isə dildə, fikirdə, işdə birlikdir”.

Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdaulet TÜRKSOY Yazar­lar Birliyinin ilk sədri seçilib. İnanmağa əsas var ki, yeni yaradıcı qurum Türk coğra­fiyasında ədəbi düşüncənin tərəqqisinə yeni təkan ola­caq.

Bu yaxınlarda TÜRKSOY Yazıçılar Birliyinin I Toplan­tısında çağdaş Azərbaycan ədəbiyyatının öncüllərindən olan Anar Rzayevin anadan olmasının 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. TÜRKSOY Yazıçı­lar Birliyinin yaradılmasına öncülük edən Anar Rzayevə Türk Dünyası ədəbiyyatına verdiyi töhfələrə görə TÜRK­SOY-un baş katibi Sultan Raev “TÜRKSOY-un Şərəf ordeni”ni təqdim edib.

Yaranmasından 30 il keçən TÜRKSOY bundan sonra da türk mədəni-mənə­vi birliyi naminə sanballı fəa­liyyətini uğurla davam etdir­məkdə qərarlıdır.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət