“Sarı gəlin” kim olub?

post-img

Məşhur “Sarı gəlin” mahnısının Ağqoyunlu hökmdarı Uzun Həsənin xanımı, Azərbaycanın əfsanəvi gözəli, Ağqoyunluların məhdi-ülyası, tariximizin ikinci diplomatik müdrik qadını Dəspinə Xatuna həsr olunduğunu bilirdinizmi? 

Deyilənə görə, toy mərasimin­də bu mahnını bir aşıq onun üçün oxuyur. Mahnıdakı “Sarı gəlin” sözü də məhz “Saranın gəlini” mə­nasını ifadə edir. 

Gözəlliyi ilə aləmə nur saçan, adına dastanlar yazılan bu xanım 1438-ci ildə Türkiyənin Trabzon vilayətində dünyaya göz açıb. Əsl adı Teodora olan Dəspinə xatun sonuncu Bizans kralı IV İohanın qızı olub. Sultan II Mehmet Fateh Konstantinopolu fəth edərkən o, İstanbul sarayına gətirilir. 1458-ci ildə Trabzon imperatorluğu­nun süqutundan öncə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə diploma­tik evlilik adı altında ailə quraraq Diyarbəkir sarayına aparılır. 

Bu izdivacdan Ağqoyunluların gələcək şəhzadəsi Sultan Yaqub və Aləmşahbəyim dünyaya gə­lir. Lakin bu xoşbəxtlik uzun sür­mür. 1461-ci ildə osmanlı tayfaları Ağqoyunluların Qara dənizə olan çıxışını həmişəlik bağlamaq üçün Trabzon vilayətinə yürüş edir. Dəs­pinə xatun Uzun Həsəndən xahiş edir ki, heç olmasa ailəsini düş­mənlərdən xilas edə bilsin. Lakin o, bununla razılaşmır. Anası Sara xa­tunu elçi kimi osmanlıların düşər­gəsinə göndərir. Uğursuz diploma­tik danışıqlar nəticəsində Dəspinə xatun doğulduğu torpağı, vilayət varisliyini və ailəsini itirir. Bundan sonra, onun Sara xatunla və sa­raydakılarla münasibətləri korlanır. Çox keçmir ki, Uzun Həsənin ana­sı vəfat edir. Həyat yoldaşı ondan itirdiyi torpaqları geri almağı tələb edir. Onun bu təklifi Uzun Həsənə baha başa gəlir. Belə ki, 1472-ci ildə Malatya döyüşündə II Fateh Mehmetə qalib gəlsə də, 1473-cü ildə Otluqbeli döyüşündə məğlub olur. Bundan sonra, onların arası soyuyur və heç vaxt görüşmürlər. Uzun Həsənin ölümündən sonra 1478-ci ildə 40 yaşında dünyasını dəyişən Dəspinə xatun Diyarbəkir­dəki Müqəddəs Georgi kilsəsində dəfn olunur. 

Mahnının etimologiyası haqqında müxtəlif versiyalar səs­ləndirilir. Bir versiyaya görə, "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İnto­nasiyasına görə, mahnı çox arxa­ikdir - 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anla­mında qəbul edilib. Qədim türk an­layışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki an­layışda - "rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. 

 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Mədəniyyət