AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Türkiyənin Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) rəhbəri İsmail Çetinkaya ilə görüşüb. Görüşdə MEK-in direktor müavini, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.
MEK-dən XQ-yə bildirilib ki, İsmail Çetinkaya rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Mərkəzi Elmi Kitabxananın əməkdaşlarına ətraflı məlumat verib. Həmçinin MEK-in ANKOS-a üzvlük məsələləri, kitabxana-informasiya sahəsində əməkdaşlıq perspektivləri, beynəlxalq təcrübə mübadiləsi, elektron resurslara çıxış imkanları müzakirə olunub.
Tərəflər əməkdaşlığın gücləndirilməsinin və mümkün üzvlüyün elmi ictimaiyyətin informasiya təminatına əlavə imkanlar yaradacağını qeyd ediblər.
Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan qonaq, öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu, buradakı guşələr, toplanan dəyərli nəşrlər haqqında ətraflı məlumat alıb. Sonra qonaq AMEA-nın təsisçilərinin büstləri, zəngin kolleksiyaların saxlandığı Akademiklər kitabxanası, eləcə də Diplomatik fondda müxtəlif ölkələrin, o cümlədən Türkiyə diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşə və müasir elektron xidmətlərlə tanış olub.
Kitabxananın Nadir kitablar fondu ilə tanışlıq zamanı ANKOS prezidenti burada qorunan qədim nəşrlərin Azərbaycan dilinə tərcümə olunaraq fonda əlavə olunmasını tövsiyə edib.