Astrobioloqlar “həyat üçün yararsız” planetlərdə suyun əvəzedicisini tapdılar

post-img

Son təcrübələr göstərib ki, Yer orqanizmləri üçün öldürücü sayılan şəraitdə belə, suyun əvəzinə qeyri-adi bir maye – qarışıq sulfat turşusu və üzvi birləşmələr – həlledici rolunu uğurla oynaya bilir. Yadplanetli həyatı araşdıran alimlər hesab edirlər ki, biz təbiətin ixtiraçılığını hələ də lazımi qədər qiymətləndirmirik.

Veneranın müşahidələri bu baxımdan xüsusi maraq doğurur. Hələ 1920-ci illərdə texnikanın inkişafı planetin yalnız görünən işıqda deyil, həm də ultrabənövşəyi spektrdə öyrənilməsinə imkan verdi. Astronomlar o zaman izahı çətin bir fakt aşkar etdilər: Veneranın ultrabənövşəyi təsvirlərində tünd zolaqlar və qəribə naxışlar müşahidə olunurdu. Bu, atmosferdə ultrabənövşəyi şüaları udan bir maddənin olduğunu göstərirdi. Bu udulmanın 50–70 kilometr yüksəklikdə, sulfat turşusu buludlarının yerləşdiyi qatlarda baş verdiyi güman edilir. Məhz həmin qat indiyədək alimlərin diqqətini cəlb edir, çünki oradakı temperatur +20 ilə +80 dərəcə arasında dəyişir, təzyiq isə Yerdəki ilə müqayisə edilə biləcək qədərdir. Halbuki Veneranın səthində vəziyyət tamamilə fərqlidir: burada temperatur +460 dərəcəyə, təzyiq isə 90 atmosferə çatır.

Alimlərin apardıqları təcrübələr sübut edib ki, su biomolekullar üçün yeganə effektiv həlledici deyil. ABŞ, Böyük Britaniya və Polşadan olan tədqiqatçılar “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqalələrində göstəriblər ki, əslində, suyun alternativi var və bunu laboratoriya şəraitində nümayiş etdirmək mümkün olub. Onlar qatı sulfat turşusunu qlisin və digər azot tərkibli mürəkkəb üzvi birləşmələrlə qarışdıraraq təcrübə aparıblar. Bu birləşmələrdən bəziləri meteoritlərdə, kometalarda və asteroidlərdə də tapılıb. Təcrübədə qarışıq bazalt parçaları üzərinə yerləşdirilib və +80 dərəcəyə qədər qızdırılıb. Daha sonra qarışıq vakuum kamerasında sınaqdan keçirilib, sulfat turşusu buxarlanıb və nəticədə özlü bir maddə – “ion mayesi” əldə olunub.

Astrobioloqların fikrincə, bir çox məlum ion mayesi biokimya üçün zərərsizdir. Alınan həlledicinin vakuum kamerasında sabit qalması onun aşağı təzyiqə qarşı dayanıqlı olduğunu sübut edir. Bu isə o deməkdir ki, belə maddələr seyrək atmosferli planetlərdə və ya onların yuxarı qatlarında mövcud ola bilər.

Alimlər əmindirlər ki, potensial yaşayış zonası barədə mövcud anlayışımız həddindən artıq məhduddur. Həyat bəlkə də tamamilə gözlənilməz, hətta təsəvvür etməkdə çətinlik çəkdiyimiz şəraitlərdə mövcud ola bilər.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı