Sentyabr ayının 4-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Astronomiya və astrofizikanın aktual problemləri” adlı Respublika Konfransı fəaliyyətə başlayıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, iki gün (4-5 sentyabr) davam edəcək tədbirə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı ölkənin bir çox elm və təhsil müəssisələrinindən - Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Xəzər və Bakı Mühəndislik Universiteti, Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Qarabağ Universiteti, ADPU-nin Şamaxı filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Batabat Astrofizika Rəsədxanası, Naxçıvan Dövlət Universitetindən olan iştirakçılar qatılıb.
Öncə konfrans iştirakçıları rəsədxananın yerləşdiyi Yusif Məmmədəliyevin şərəfinə adlandırılmış qəsəbədə alimin abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə rəsədxananın konfrans zalında Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət rəsmi qonaqların iştirakı ilə tədbirin açılış mərasimi start götürüb.
Konfransı giriş nitqi ilə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, öncə Azərbaycanlı astronom alim, riyaziyyatçı və filosof Nəsirəddin Tusinin adını daşıyan elmi mərkəzin yaranma tarixi və inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, ŞAR-ın yaradıldığı dövr ümumilikdə Sovetlər birliyində kosmik eranın başlanğıcı kimi səciyyələnir. Müxtəlif zamanlarda bura kosmonavtların, tanınmış alim və mütəxəssislərin tez-tez ziyarət etdiyi məkana çevrilmiş, alimlərimiz tərəfindən əldə edilən elmi nəticələr dünyanın aparıcı elmi qurumlarının diqqət mərkəzində olmuşdur.
N.Cəlilov qeyd edib ki, dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtaşırı Şamaxı Astrofizika Rəsədxanasına gələrək elmi müəssisənin fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti həmin kafedranın məzunlarıdır.
Daha sonra Şamaxı Rayon İncra Hakimiyyətinin başçısı Tahir Məmmədov da açılış nitqi üçün kürsüyə yaxınlaşıb. Natiq öz çıxışında qeyd edib ki, rəsədxana yarandığı gündən ölkəmizdə fundamental elmin inkişafına töhfə verib, bu gün də astronomiya sahəsində regionun aparıcı elmi mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Burada fəaliyyət göstərən alimlərimizin, mühəndislərimizin və texniki heyətin araşdırmaları təkcə ölkəmizin elm və təhsil tarixində mühüm yer tutmur, həm də dünya elmi ictimaiyyətində maraqla qarşılanır, beynəlxalq konfranslarda, nüfuzlu jurnallarda təqdim olunur və gənc nəsil üçün ilham mənbəyi rolunu oynayır. Şamaxı Astrofizika Rəsədxanası, eyni zamanda, Respublikamızda gənc tədqiqatçıların yetişdirilməsi, onların beynəlxalq elmi mühitə inteqrasiyası baxımından da əvəzsiz məktəbdir.
Bu gün burada astronomiya və astrofizika sahəsində çalışan alimlər, gənc tədqiqatçılar və mütəxəssislər bir araya gələrək yalnız öz elmi nəticələrini paylaşmaqla kifayətlənməyəcək, həm də gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək, yeni layihələrə, birgə tədqiqatlara, beynəlxalq şəbəkələrə qoşulma perspektivlərini nəzərdən keçirəcəklər. Bu cür elmi tədbirlər təkcə regional deyil, həm də beynəlxalq səviyyədə elmimizin nüfuzunu artırır, ölkəmizin innovativ inkişafına, yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçidinə töhfə verir, gənc nəslin elmə marağını gücləndirir, Azərbaycanın dünya elmi xəritəsində daha möhkəm yer almasına şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edən Tahir Məmmədov, bildirib ki, məhz bu diqqət və qayğının nəticəsində xüsusilə də regionlarda elmi mərkəzlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət səviyyəsində həyata keçirilən islahatlar, milli elmi proqramlar, gənclərin xarici təhsil imkanlarının genişləndirilməsi və elmi-tədqiqat infrastrukturunun müasirləşdirilməsi, Azərbaycan gənclərinin elmə marağını əhəmiyyətli dərəcədə artırmış, onları yeni nailiyyətlərə ruhlandırmışdır. Bu gün respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən rəsədxanalar, laboratoriyalar, tədris və tədqiqat mərkəzləri beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir və milli elmin inkişafına töhfə verir.
Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov isə öz növbəsində bildirib ki, ŞAR-da Beynəlxalq və Respublika konfranslarının keçirilməsini mütəmmadi olaraq hər il təşkil etməyə çalışırıq. Əvvəlki konfranslarda təşkilati işlər nisbətən yaşlı nəslin, yəni bizlərin üzərində idisə, artıq gənc əməkdaşlarımız tamamilə layihələrin idarə edilməsini öz üzərlərinə götürüblər və öhdəsindən layiqincə gəlirlər.
Son olaraq çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Şahnaz Şahbazova da belə bir tədbirə dəvət aldığı və öz sahələrinin alim və mütəxəssisləri ilə bir araya gəlməkdən çox məmnun olduğunu qeyd edib.
Açılış mərasimindən sonra konfrans “Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar” bölməsi üzrə məruzələrlə elmi sessiyaya başlayıb və öz işini elmi çıxışlar fonunda davam etdirib.
Qeyd edək ki, hibrid formada təşkil olunmuş konfransda 9-u plenar olmaqla əyani və onlayn şəkildə 6 bölmə üzrə ümumilikdə 54 elmi məruzə dinləniləcəkdir. Bundan başqa, konfrans çərçivəsində "Nonclassical Models on Modern Mathematical Physics and its Applications to Physics, Aerodynamics, Astrophysics and Stellar Astronomy" vorkşopun da keçirilməsi nəzərdə tutulur.