Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan, həmçinin sosial şəbəkələr vasitəsilə yayımlanan bütün şikayətlər operativ şəkildə araşdırılır və qanunvericiliyə uyğun zəruri tədbirlər görülür. Bu sahədə mövcud olan problemlər və onların həlli məqsədilə ticarət şəbəkələrinin məsul şəxsləri ilə onlayn görüş keçirilib.
XQ xəbər verir ki, tədbirdə ticarət şəbəkələrində satışı həyata keçirilən məhsullar barədə daxil olan müraciətlərlə bağlı məlumat verilib. Bildirilib ki, şikayətlər əsasən məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilməməsi, saxlanma qaydalarının pozulması, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmaması, yararlılıq müddəti bitmiş, aşkar korlanma əlamətləri olan məhsulların satışı, marketlərdə məhsulların daşınması zamanı yol verilən nöqsanlar və digər faktlar olub.
Qeyd olunub ki, ticarət şəbəkələrinin məsul şəxsləri qida təhlükəsizliyi tələblərinə daxili qaydada nəzarəti təmin etməklə, uyğunsuzluqların qarşısının alınması ilə bağlı zəruri tədbirlər görməlidir, eləcə də mediada yayımlanan məlumatlarla bağlı daxili araşdırma aparıb nəticələri və görülən işlərlə bağlı rəsmi açıqlamalar verməsi məqsədəuyğun hesab edilir.
Daha sonra sahibkarların sualları cavablandırılaraq, müvafiq tövsiyə və tapşırıqlar verilib.