Sentyabrın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ucar Gənclər Evində Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Məlumatı XQ-yə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi verib.
Şahin Bağırov qəbuldan öncə Ucar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.