2050-ci ilin blogerləri necə görünəcək? – Şok proqnozlar

post-img

Biz blogerləri adətən cazibədar, baxımlı və ideal görünüşlü təsəvvür etməyə öyrəşmişik. Lakin ekspertlərin proqnozları göstərir ki, cəmi 25 ildən sonra sosial media ulduzlarının siması bu stereotipdən çox uzaq olacaq.

Onlayn platforma Casino.org mütəxəssisləri gələcəyin tipik influenser obrazını modelləşdirərək ona “Ava” adını veriblər. Təqdim olunan fotoda Avanın qeyri-bərabər piqmentli dərisi, əyilmiş kürəyi, sivri “cadugər” çənəsi və yorğun sifəti diqqət çəkir. Mütəxəssislərə görə, bu dəyişikliklər illərlə aparılan gözəllik prosedurları, həddindən artıq kosmetika istifadəsi və saatlarla ekran qarşısında oturmaq vərdişlərinin nəticəsidir.

Ekspertlər bildirirlər ki, Ava yalnız gələcəyin sosial media siması deyil, həm də müasir istifadəçilərə xəbərdarlıqdır. O, platforma alqoritmlərinin ardınca qaçmağın, gözəllik standartlarına əsir olmağın və fasiləsiz məzmun yaratmaq təzyiqinin nəticələrini öz üzərində göstərir. Tədqiqatlara görə, influenserlər həftədə 90 saata qədər işləyir və vaxtlarının böyük hissəsini əyilmiş vəziyyətdə keçirirlər. Bu isə xroniki boyun ağrılarına, başın daim irəli əyilməsinə və bel problemlərinə gətirib çıxarır.

Kosmetik vasitələrin həddindən artıq istifadəsi influenserlərdə dermatoloji problemləri artırır. Uzun müddət qalın makiyajla qalmaq, tez-tez kosmetikanı dəyişdirmək və işıq lampaları altında işləmək dəriyə ciddi zərər verir. Mütəxəssislərin sözlərinə görə, bu, “rəqəmsal qocalma” fenomenini sürətləndirərək piqmentasiya, qırışlar və iltihabla nəticələnə bilər.

Uzun saatlar parlaq ekran qarşısında olmaq göz altı torbalar, qaralmalar, qızartı və bulanıq görmə kimi problemlərə səbəb olur. Digər narahatedici proqnoz isə saç sağlamlığı ilə bağlıdır: illərlə edilən ağır saç uzatmalar və sıx saç düzümləri saç köklərini zəiflədir, keçəl ləkələr və tökülmə qaçılmaz olur.

Həkimlərin fikrincə, bu mənzərə yalnız blogerlərin öz sağlamlığı ilə məhdudlaşmır. Onların həyat tərzi və təqdimat forması uşaq və yeniyetmələr üçün zərərli nümunəyə çevrilə bilər. Xüsusilə, “ideal görünüş” yarışları gənclərdə qidalanma pozğunluqları və psixoloji təzyiqlərə yol aça bilər.

S.ELAY

XQ

Maraqlı