Gürcüstanın Dmanisi rayonunun Qızılkilsə kəndində şairə, Aşıq Pəri Məclisinin yaradıcılarından Səadət Abdullayevanın (Səadət Buta) ev-muzeyinin açılışı olub. Mərasimdə Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə və Qazaxıstandan qonaqlar, dövlət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Dmanisi rayonunun meri Koba Muradaşvili açılış rəmzi olan qırmızı lenti kəsib və Səadət Butanı təbrik edib. Mer çıxışında muzeyin ədəbiyyat, incəsənət və mədəniyyət ocağına çevriləcəyini deyib.
Səadət Buta muzeyin açılışına göstərilən dəstəyə, diqqət və qayğıya görə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Mədəniyyət ocağının açılışının Azərbaycan-Gürcüstan dostluğunun bariz nümunəsi olduğunu, gənc nəslin poeziyaya, saz-söz sənətinə marağının artmasına təkan verəcəyini bildirib.
Sonra tədbir iştirakçıları muzeyə baxış keçirib, fotoşəkillər, şairənin bu günədək aldığı mükafatlar, müəllifi olduğu kitablar və digər eksponatlarla tanış olublar. Çıxışçılar Səadət Butanın həyat və yaradıcılığından, onun Azərbaycan və Gürcüstan dövlətləri arasındakı mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar.
Məlumat üçün qeyd edək ki, Səadət Buta 1951-ci ildə Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndində anadan olub. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Prezidenti tərəfindən “Şərəf” medalı ilə təltif edilib. 19 kitabın müəllifi olan Səadət Buta, eyni zamanda “Sazın, sözün butası” təşkilatının təsisçisidir.
P.ƏMİRCANOV
XQ