“Xocalı qətliamı baş verən ərəfədə mən Orta Asiyada idim və rəsmi səfərimi təxirə salaraq təcili Azərbaycana gəldim. Azərbaycanda Ermənistanın rus hərbi birləşmələri ilə bərabər dəhşətli bir cinayət törətdiklərini gördüm, bu günahsız insanların qətliamı, soyqırımı idi”. Xocalı soyqırımı zamanı Türkiyənin xarici işlər naziri olmuş Hikmət Çətin “Xalq qəzeti” üçün açıqlamasının davamında bildirdi:
– O zaman Türkiyə rəsmisi olaraq Azərbaycana səfərim çərçivəsində Azərbaycanın dövlət başçısı Ayaz Mütəllibovla və yüksək rütbəli hərbçilərlə görüşüb vəziyyətlə tanış oldum. Çox dəhşətli mənzərə idi. Ermənistanın bu hərəkətinin qəbuledilməz olduğuna dair bəyanat verdim, erməni və rus hərbi birləşmlərinin törətdiyi bu müharibə cinayəti ilə bağlı Türkiyə mətbuatı vasitəsilə ictimaiyyəti məlumatlandırdım. Bildirdim ki, bu günahsız insanlara yönəlmiş bir qətliamdır. Bununla bağlı bəyanatım qəzetlərdə yayımlandı. Türkiyə Böyük Millət Məclisi təcili toplandı. Azərbaycandakı vəziyyətlə bağlı hansı addımlar atıla biləcəyi ilə bağlı müzakirələr aparıldı. Azərbaycana hərbi dəstək mövzusunda mənim də təkliflərim oldu.
Sovet İttifaqının dağılmasının Azərbaycan üçün qan-qadalı keçdiyini vurğulayan sabiq nazir dedi ki, 1992-ci ilin fevralında müstəqilliyini elan edən Bosniya – Hersoqovinada da Srebrenitsa qətliamı törədilib ki, bu da Xocalı soyqırımı kimi tarixdə ən qanlı hadisələr olaraq yaddaşlarda qalıb:
– O dönəmlərdə NATO və BMT diqqətini Sovet İttifaqının dağılması məsələsinə yönəltmişdi. Bosniyada savaş gedirdi. Orada da hər gün yüzlərcə insan ölürdü. BMT-nin sülhməramlı qüv-vələrinin gözləri önündə Bosniya–Hersoqovinanın Srebrenitsa şəhərində Bosniya müsəlmanlarına qarşı törədilən qətliam nəticəsində 8 min insan torpağa gömüldü. Belə qarışıq proseslərin getdiyi vaxtda Azərbaycan da çox müsibətli günlər yaşadı.
Azərbaycanın gələcəyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Ayaz Mütəllibov Türkiyəyə gəldi. Türkiyədə Baş nazirimiz Süleyman Dəmirəl, o dövrdə Türk Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Doğan Güreş, Ayaz Mütəllibov və mən müzakirələr apardıq. Süleyman Dəmirəl dedi ki, hər ölkənin bir “təhdid dəyərləndirməsi” var və müdafiəsini də buna uyğun qurur. Məsələn, Türkiyə üçün Yunanıstan hər zaman təhdid obyektidir və bu təhlükəni göz önünə alaraq ölkəmizin savaş meydanına çevrilməsinin, münaqişə yaradılmasının qarşısını alır, ordumuzu, diplomatik əlaqələrimizi bu müdafiə istiqamətində təkmilləşdiririk.
Əraziləri işğal təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda isə vəziyyət daha mürəkkəb idi və ölkəyə güclü ordu lazım idi. Bu məqsədlə qardaş ölkə olaraq bir generalımızı, hərbçi heyəti komplektləşdirib Azərbaycana göndərdik. Birgə hərbi təlimlərin başlanğıcı o zamandan qoyuldu. Əbülfəz Elçibəy, Heydər Əliyev hakimiyyətləri dönəmlərində isə Türkiyənin hərbi dəstəyi daha da genişləndi. Mərhum Heydər Əliyev türk hərbçilərin Azərbaycanda keçirdiyi təlimlər təşəbbüsünü xüsusi dəstəkləyir və bu məsələyə çox həssaslıqla yanaşırdı. Məhz həmin hərbi təlimlərin nəticəsi idi ki, Azərbaycan ordusu təkmilləşdi və mütəşəkkil qaydada Qarabağ zəfərinə nail oldu.
Sabiq nazir sonda qeyd etdi ki, Türkiyə – Azərbaycan xalqı arasında güclü, sarsılmaz bir bağ olduğuna görə, dünyada alternativi olmayan bu münasibətlər nəticəsində hər iki ölkənin müttəfiqlik əlaqələri daha güclü olacaq:
– Xocalı soyqırımının üzərindən 31 il keçib. Xocalı cinayəti soyqırımıdır və təsdiqini tapmalıdır. Bu qırğının beynəlxalq miqyasda müharibə cinayəti olduğuna dair faktları, sübutların toplanıb beynəlxalq məhkəmələrdə təsdiq edilməsi vacibdir. Bu istiqamətdə Azərbaycanla Türkiyənin müttəfiqliyi böyük rol oynaya bilər. Mən hər zaman bir məqamı müşahidə etdim: hakimiyyətdə kimin olmasından asılı olmayaraq Türkiyədə hər insanın qəlbi Azərbaycan üçün vurur. Bizim qardaşlığımızı kimsə poza bilməz. Türkiyə hər zaman Azərbaycanla bərabər hərəkət edir. Odur ki, Azərbaycan –Türkiyə ittifaqı Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasına nail olmalıdır.
Hazırladı:
M.SULTANOVA
Ankara