Ankarada Xocalı zəlzələ qurbanları anılıb

post-img

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində “Kədərdə və taledə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.

Mərasim Xocalı soyqırımına və fev­ralın 6-da Türkiyədə baş vermiş dəhşət­li zəlzələ qurbanlarının xatirəsinə həsr olunub. TADİV rəhbəri, professor Aygün Attar çıxış edərək bu tədbirin Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəyliyinin göstəricisi olduğunu bildirib.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xoca­lı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri zəl­zələ ilə bağlı danışaraq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk sa­atlardan etibarən Azərbaycanın Türkiyə­nin yardımına gəldiyini qeyd edib.

Azərbaycan Respublikası Milli Məc­lisinin deputatları Kəmaləddin Qafarov və Anar Məmmədov, türkiyəli deputat, Türkiyə – Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universiteti­nin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Ab­durrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar. Onlar Türkiyədə baş vermiş zəlzələnin dağıdıcı miqya­sından danışıblar və Azərbaycanın Tür­kiyəyə hərtərəfli dəstək verdiyini xüsusi qeyd ediblər.

Anım mərasiminin iştirakçıları Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciy­yələndirilən zəlzələ ilə bağlı filmləri izlə­yiblər və Xocalı soyqırımı haqqında sərgi ilə tanış olublar.

 

“Xalq qəzeti”

Sosial həyat