Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının qiymətli nəşrlərindən sayılan “44 gun – Tarixi zəfər” adlı coxcildliyin IV cildi azərbaycan və ingilis dillərində işıq üzü görüb və Təqdimat Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında ictimaiyyətə təqdim olunub.
Əvvəlcə Şəhid Vüsal Şükürova həsr olunan sənədli film nümayiş olunub. Maraqla qarşılanan bu təsirli film “Vətən daşı...və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilən səkkiz sənədli filmdən biridir ki, redaksiya heyəti tərəfindən ərsəyə gəlib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə Xatirə Kitabı Redaksiyasının yeni işıq üzü görən cildliyi barədə məlumat verərək kitabın şəhidlərimizin adının əbədiləşdirilməsinə verilən böyük töhfə olduğunu vurğulayıb.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova təqdimata toplaşanlara redaksiyanın Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını qeyd edərək, ensiklopedik tarixi salnamə baxımından əvəzsiz olduğunu diqqətə çatdırıb. O bildirib ki, Respublika Xatirə Kitabında, əsasən, İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır. Yaddaşımızın abidəsi kimi adlandırılan bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir.
Şair-publisist Rəfail Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şəhid Vəli Vəliyevin atası Kamran Vəliyev, şəhid Pərvin Təhməzovun anası Əsli Təhməzova, şəhid Elnur Səmədovun ömür-gün yoldaşı Aynur Səmədova, şəhid Rəsul Sadıqovun nənəsi Səkinə Sadıqova kitabın böyük təsəlli olduğunu bildirərək, kitabın baş redaktoru Nəzakət Məmmədovaya minnətdarlıq ediblər.
Sumqayıt şəhəri və Abşeron rayonundan olan şəhidlər haqqında əlifba sırası ilə ensiklopedik məlumatların yer aldığı çoxcildli “44 gün – Tarixi zəfər” adlı IV cildi şəhid ailələrinə təqdim olunub.
Rəna TƏBƏSSÜM,
AJB-nin və AYB-nin üzvü








