Saleh Məhərrəmovun biblioqrafik göstəricisi nəşr olunub

post-img

Biologiya sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliy (ETN) Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Saleh Məhərrəmovun 60 illik yubileyi münasibətilə elmi işlərinin biblioqrafik göstəricisi nəşr olunub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında işıq üzü görən biblioqrafik göstərici biologiya elmləri doktoru, professor Saleh Məhərrəmovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir.

Bu barədə XQ-yə MEK-dən məlumat verilib.

Saleh Məhərrəmovun tədqiqatları Azərbaycan florasında geniş yayılan bitkilərin antihelmint təsirlərinin öyrənilməsi və Naxçıvan MR-in helmint faunasının araşdırılması məsələlərini əhatə edir. Alimin elmi tədqiqatlarının nəticələri 199 elmi əsərdə, o cümlədən 4 monoqrafiya, 3 dərslik, 1 dərs vəsaiti, 1 metodik vəsait, 2 təklif-tövsiyə, 6 proqram, 182 məqalədə öz əksini tapıb. Bəzi elmi əsərləri Almaniya, Rusiya, Türkiyə və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 1 elmlər doktoru, 8 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub.

S.Məhərrəmov 2013-2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb və uzun illər həmin universitetdə fəaliyyət göstərmiş Dissertasiya şurasının sədri olub. Hazırda ETN Genetik Ehtiyatlar İnstitutunun nəzdindəki Dissertasiya şurasının sədr müavinidir, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Afət Məmmədovadır.

Biblioqrafiya zoologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Elm