Mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olmuş, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şirindil Alışanlının haqqında “Dünyada “Şirindil” imzası qaldı...” adlı məqalələr və xatirələr toplusu nəşr edilib.
Kitaba AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ön söz yazıb. Toplunu filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və institutun əməkdaşı Dilarə Adilgil tərtib edib. 240 səhifəlik kitabda ədəbi və elmi ictimaiyyətin, Şirindil müəllimin həmkarlarının, dostlarının və yetirmələrinin xatirələri toplanıb. Xalq yazıçısı Elçin, Milli Məclisin deputatları Fazil Mustafa, Aqil Abbas, Elnarə Akimova, şair Qulu Ağsəs, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, elmlər doktorları Qorxmaz Quliyev, Vaqif Yusifli, Rafiq Yusifoğlu, Sara Osmanlı, Asif Rüstəmli, Vüqar Əhməd, Bədirxan Əhmədli, Aygün Bağırlı və başqaları Şirindil Alışanlını görkəmli alim, yorulmaz tədqiqatçı və naşir, vətənpərvər ziyalı, həqiqi dost, böyük insan kimi dəyərləndiriblər. Kitabda əks olunan çoxsaylı fotolar alimin AMEA-da işlədiyi 40 ildən artıq dövrü əhatə edir.
XQ