Dünən “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə tanış olublar.
Ekspozisiyada Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya janrlarında əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və “Artcom” platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə “Xəzər dənizinin kölgəsi” mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.
Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” adlı sənədli film nümayiş olunub.
Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur. Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: “Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür”.
Sərginin kuratoru Zəhra Məmmədova mediaya açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş “dəniz epistemologiyası” anlayışına istinad etdiyini vurğulayaraq qeyd edib ki, ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Müasir sənətçilər Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər.
T.RÜSTƏMLİ
XQ