AMEA – 80
AMEA Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Regionun görkəmli alimləri: akademik Mirməmməd Cavadzadənin həyat və elmi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.
“Xəstəni həyata qaytaran həkim onun üçün ən doğma adamdır”. Bu sözlərin müəllifi, şəxsiyyəti və xatirəsi şəfa verdiyi minlərlə insan üçün əziz olan məşhur cərrah Mirməmməd Cavadzadə Azərbaycan tibb elminin korifeyləri sırasında özünəməxsus yer tutur. Lənkəran ictimaiyyəti nümayəndələrinin, elm adamlarının, ziyalıların, Lənkəran Tibb Kollecinin müəllim və tələbələrinin iştirak etdikləri seminarda görkəmli alimin həyatı və elmi fəaliyyəti ilə bağlı nümayiş olunan videoçarxın kadrları bu qənaəti bir daha təsdiqlədi. Tədbiri REM-in direktoru Mehman Əliyev açaraq dedi ki, Ulu öndərin sədaqətli dostlarından biri – AMEA-nın həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, respublikamızda uroloji məktəbin yaradıcısı Mirməmməd Cavadzadə milli tibb elminin və praktik səhiyyənin inkişafına əvəzsiz töhfələr vermiş şəxsiyyət olub.
Sonra M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkim-uroloqu, tibb üzrə fəlsəfə doktoru Əliməmməd Bağırovun “Akademik Mirməmməd Cavadzadənin Azərbaycan tibb elminə verdiyi töhfələr” və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-uroloqu Qabil Bəşirovun “Akademik Mirməmməd Cavadzadənin uroloji sahəyə gətirdiyi yeniliklər” mövzularında məruzələri dinlənildi. Bildirildi ki, M.Cavadzadə 1927-ci ilin yazında “Cənub mirvarisi” Lənkəranda anadan olmuş, burada orta məktəbi bitirmiş, sonra Azərbaycan Dövlət Tibb İnstitutunda və İkinci Moskva Dövlət Tibb İnstitutunun urologiya kafedrasında təhsil almışdır. Hələ gənc yaşlarında həkimlik istedadı ilə həmkarları arasında seçilən M.Cavadzadə çox keçmədən uroloq-alim kimi şöhrət qazandı. Təsadüfi deyil ki, Azərbaycan səhiyyəsində böyrək xəstəliklərinin profilaktikası problemlərinin həllindən, urologiyanın inkişafından söz düşəndə, ilk növbədə, mərhum akademik Mirməmməd Cavadzadə xatırlanır. Təbabətin bu sahəsində institut və elmi mərkəz yaradılması, kafedra və şöbələrin açılması, hemodializ, mürəkkəb böyrək əməliyyatlarının aparılması məhz onun elmi axtarışlarının və misilsiz zəhmətinin bəhrəsidir.
Müzakirələrdə Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Lənkəran Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru Mübariz Mustafayev, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Nicat Kərimov, tarix üzrə fəlsəfə doktoru Teyyub Nəsirov və başqaları iştirak etdilər. Qeyd olundu ki, ötən əsrin 50-ci illərindən urologiyanın qlobal və təxirəsalınmaz problemlərinin həlli yollarının axtarışına çıxan gənc alim bu sahənin inkişafını anesteziologiya-reanimotologiya ilə əlaqələndirirdi. O, urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edib. Gərgin axtarışlar nəticəsində belə bır qənaətə gəlib ki, uroloji əməliyyatların geniş spektrinə yalnız birdəfəlik seçilmiş anestezioloji təminat vermək mümkün deyil. Xəstələrin vəziyyətindən və cərrahi müdaxilənin spesifik xüsusiyyətlərindən asılı olaraq, ağrısızlaşdırmanın daha əlverişli üsullarından istifadə edilə bilər.
Görkəmli uroloq-alimin təşəbbüsü ilə 1966-cı ildə Bakıda Respublika Uroloji Xəstəxanası yaradılıb. 1971-ci ildə onun rəhbərliyi ilə Cənubi Qafqazda ilk dəfə böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Bir neçə il ərzində o özü uğurla 30 belə əməliyyat aparıb. Ulu öndər Heydər Əliyev 1974-cü ildə M.Cavadzadəni Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna direktor təyin edib və o, ömrünün sonunadək bu institutun rəhbəri olub. O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilib. O, keçmiş SSRİ Tibb Akademiyasının müxbir üzvü, Avropa və Beynəlxalq uroloqlar cəmiyyətlərinin üzvü, Çexiyanın və Bolqarıstanın uroloqlar cəmiyyətlərinin fəxri üzvü idi. Onun müəllimi məşhur uroloq Anton Pıtel Cavadzadənin işlədiyi xəstəxananı “uroloji fikirlər ocağı” adlandırmışdı.
Xatırlandı ki, analitik təfəkkürə, fenomenal yaddaşa və xüsusi təşkilatçılıq bacarığına malik olan Mirməmməd Cavadzadənin rəhbərliyi ilə 51 elmlər doktoru, 152 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişib. Dünya şöhrətli akademik respublikamızda ictimai xadim kimi də yaxşı tanınıb, dörd çağırış Ali Sovetin deputatı olub, Azərbaycan–Fransa Dostluq Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi səmərəli fəaliyyət göstərib. Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatlarına, “Şöhrət” və “İstiqlal”ordenlərinə layiq görülmüş akademik 2008-ci ildə dünyasını dəyişib və Bakıda 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Seminarın sonunda akademikin oğlu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının müdiri, professor Samir Cavadzadə çıxış edərək atasının xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirdi.
Ə.NƏCƏFXANLI
XQ