"Füzuli sənətkarlığı"

post-img

Azərbaycanın İraqdakı səfirliyinin təşkilatçılığı ilə Bağdadın “Beyt Əl-Vattar” irs evində görkəmli Azərbaycan yazıçısı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin sifarişi ilə tərcümə edilib və İordaniyanın “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilib.

Təqdimat mərasimini Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Elnur Məmmədzadə açaraq “Füzuli sənətkarlığı” əsərinin elmi əhəmiyyətinə toxunub, XX əsr dünya füzulişünaslığında Mir Cəlalın öz yeri olduğunu bildirib.

E.Məmmədzadə Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə qeyd edilməsinin milli-mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ölməz şairin 500 illiyinin müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı mədəniyyət və sənət bayramı olduğunu diqqətə çatdırıb.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, Məhəmməd Füzuli anadilli poeziyamızın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Onun bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılıb və müəllifinə böyük şöhrət qazandırıb.

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşri ilə tədbirdən bir ay öncə tanış olan və əsəri dərindən araşdıran İraqın füzulişünas alimləri, o cümlədən Əl-Mustansariyyə Universitetinin professoru doktor Sübhi Nasir, İmam Kazım Universitetinin professoru doktor Nazlı Əl-Ciburi, İraq yazıçıları və ədəbiyyatşünasları birliyinin sədri professor Əli Favaz, tanınmış ədəbiyyatşünas alim və tənqidçi-alim Sadiq Əl-Cəməl, Bağdad Universitetinin professorları Yıldız Mustafa və Ğada Hadi, Kərkükün “Türkməneli” qəzetinin redaktoru Sabah Kərküki təqdimat mərasimində çıxış ediblər.

Çıxışlarda Məhəmməd Füzulinin ədəbi məktəb formalaşdırdığı, nəhəng söz ustadının adının hər zaman ehtiramla yad edildiyi bildirilib.

İraqın füzulişünas alimləri “Füzuli sənətkarlığı” əsərinin böyük klassikin irsini dərindən öyrənənlər üçün zəngin mənbə olduğunu vurğulayıblar. Alimlər Mir Cəlal Paşayevin bu əsərlə Füzuli yaradıcılığına yüksək fəlsəfi-estetik meyarlarla yanaşdığını, Füzulini dərindən bildiyini və buna görə də gözəl təhlil etdiyini diqqətə çatdırıblar.







Mədəniyyət