İranlı nazir: Xəzər regionunun qlobal iqtisadiyyat üçün rolu olduqca əhəmiyyətlidir

post-img

Xəzər regionunun qlobal iqtisadiyyat üçün rolu və mövqeyi olduqca əhəmiyyətlidir. Bunu nəzərə alaraq Xəzəryanı dövlətlər faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində tutarlı addımlar atmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Xəzər dənizi ilə Körfəz arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində İran hökuməti lazım olan addımları atır, loqistika mərkəzi yaradır, limanların yükaşırma imkanlarını artırır.

““Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri Xəzəryanı dövlətlərin ərazisindən keçir. Bu dəhlizlərin səmərəsini və yükdaşıma həcmini artırmaq məqsədi ilə bu ölkələr sadələşdirilmiş rəqəmsal gömrük-keçid proseduru yaratmalı və bu sahədə əməkdaşlığı artırmalıdır. Xəzəryanı dövlətlər eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatında da təmsil olunurlar. Bu təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək perspektivləri müəyyən etmək olar. İran Xəzəryanı dövlətlərdən Azərbaycan və Türkmənistan ilə quru sərhədə malikdir və hər iki dövlətlə nəqliyyat tranzit sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlığın artması tərəflərə iqtisadi inkişaf bəxş edər”, - deyən iranlı nazir dəniz sərhədi olan dövlətlərlə də çox böyük iqtisadi əməkdaşlıq potensialının olduğunu bildirib.

İqtisadiyyat