Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

Üçüncü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.



Siyasət