AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunmuş ikicildlik “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabı təqdim olunub.
Əvvəlcə Qızılbaşlığın Azərbaycan tarixində rolunu əks etdirən qısa sənədli filmə baxılıb, daha sonra Şah İsmayıl Xətainin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə videomüraciəti nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin iftixar ediləsi səhifələrinin, o cümlədən Qızılbaşlıq tarixinin araşdırılaraq geniş oxucu kütləsinə və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu sahədə akademiya əməkdaşlarının iştirakından məmnunluğunu ifadə edib. O bildirib ki, yeni kitabda geniş coğrafiyanı əhatə edən Səfəvilər dövləti haqqında ilk dəfə bir çox tarixi faktlar ictimaiyyətə təqdim edilib. Bu ensiklopediya müstəqil Azərbaycan dövlətinin elm siyasətinin tələblərinə cavab verən qiymətli mənbədir.
ABİA idarə heyətinin sədri Elçin Əsgərov öz çıxışında 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada əksini tapan tarixi mənbələrlə bağlı məlumatlardan bəhs edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Tofiq Nəcəfli ensiklopediyanın məziyyətlərini vurğulayıb, Qızılbaşlığın dövlətçilik tariximizdə rolu haqda düşüncələrini bölüşüblər.
Sonra yeni nəşr AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.
XQ