Görkəmli professorun irsi əbədiləşdirilib

post-img

Milli Kitabxanada “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görən kitab görkəmli alim və pedaqoq, Cümhuriyyət və mətbuat tariximizin böyük tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilib.

Təqdimat mərasimində mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında deyib ki, Şirməmməd Hüseynov Cümhuriyyət dövrünün, Azərbaycan müstəqillik tarixinin, eləcə də mətbuat tarixinin öyrənilməsində böyük rol oynayan görkəmli şəxsiyyətlərdən biridir. O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla toplayaraq abidə nəşrlər ortaya qoyub.

Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov unudulmaz alimin həyat yolundan və yaradıcılığından ətraflı bəhs edib. O, Şirməmməd Hüseynov kimi insanların millətin sərvəti olduğunu vurğulayıb. Bildirib ki, bu biblioqrafiya kitabı Şirməmməd Hüseynovun kimliyi barədə suala cavabın ən mükəmməl nümunələrdən biridir və böyük cəfakeş alimin xatirəsini əsrlərlə yaşadacaq bir abidədir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yubilyarı 20 cildlik mətbuat tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi kimi xarakterizə edib. Mərasimdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, BDU-nin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli, Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüblər.

Tədbirin davamında Milli Kitabxanada hazırlanan “Professor Şirməmməd Hüseynov-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

Sonda Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova alimin ailəsi adından çıxış edərək tədbirin təşkilinə görə Milli Kitabxanaya, eləcə də biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

XQ



Mədəniyyət