Yeni paket 3 milyon insana şamil olunacaq
Müasir müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli inkişaf yoluna səfərbər edən ümummilli lider Heydər Əliyev, eyni zamanda, ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırıb, müasir və dayanıqlı sosial müdafiə sisteminin qurulması üçün mühüm addımların atılmasını təmin edib.
Ulu öndərin müdrik və uzaqgörən siyasətini yüksək səviyyədə davam etdirən, müstəqil dövlətimizi dinamik inkişaf yolunda daim irəli aparan və möhtəşəm Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin güclü sosial siyasəti, uğurlu sosial islahatlar proqramı ölkədə sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib.
“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”. Ölkə Prezidentinin bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan, hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Buna nümunə olaraq dövlətimizin başçısının fərman və sərəncamları əsasında 2018–2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar. Həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əmək haqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük.
Prezident İlham Əliyevin imzaladığı yeni “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Yeni sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası da gələn il davam edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq.
Bu yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir. Sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.
Əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Təkcə 2018–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Gələn il bu say artıq 100 mini ötəcək.
2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə Prezident İlham Əliyevin göstərişi ilə daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək, ümumən ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib.
Dövlət başçısının göstərişi ilə son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması, bu sahədə biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. Ümumilikdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında həmin mərkəzlərdə 113 min şəxsə xidmət göstərilib.
Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur.
Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ilin iyun ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST Konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si “Good practice awards of Europe”, yəni, “Avropa üçün yaxşı təcrübə mükafatı”dır. Ümumilikdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların uğurları mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Təkcə 2024-cü ildə bu uğurlar 110-dan çox beynəlxalq mükafatla təltif edilib.
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan DOST Konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub və bu gün Nazirliyin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformadan təqdim edilir. 30-dan çox e-arayış xidməti, həmçinin 2019-cu ilin əvvəlindən 50-dən çox proaktiv təyinat mexanizmləri, həmin il ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə “Əmək və Məşğulluq” altsistemi işə salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqər şöbəsinin verdiyi bu məlumatlara əsasən, əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək.
Zərifə BƏŞİRQIZI
XQ