Dövlət proqramı Naxçıvanda islahatlara önəmli dəstək qazandırıb

post-img

Son illər regionlarda həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası genişlənib, sosial-iqtisadi layihələrin icrası diqqətdə saxlanılıb. Nəticədə bölgələrin siması dəyişib, əhalinin rifahı daha da yaxşılaşıb. Bu tərəqqi, innovativ inkişaf, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib.

Bütün bu fəaliyyəti sürətləndirmək, səmərəliyi artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti 5 iyun 2023-cü il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Qədim diyarın müasir yol xəritəsi sayılan bu sənəddə iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönlü sənayenin, turizmin və infrasturuktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, eləcə də elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə layihələrin dəstəklənməsi nəzərdə tutulub.

Sənaye istehsalı artıb

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən, yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlığı reallaşdırmaq üçün yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafını şərtləndirir.

Bölgənin gələcək inkişafı ilə bağlı önəmli məsələlərdən biri də modern sənayeləşmənin yaradılmasıdır. Hazırda həyata keçirilən uğurlu strategiya nəticəsində yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın sənayeləşməsi getdikcə sürətlənir. Belə bir zərurət isə muxtar respublikanın malik olduğu təbii resurslar, iqtisadi potensial, dövlətin yeni yaradılan sənaye müəssisələrinə fəal dəstəyi, ixrac imkanlarının artırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə gerçəkləşir. Təsadüfi deyil ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritet istiqamətdən biri də ixracyönlü sənayenin inkişaf etdirilməsi ilə bağlıdır.

Onu da qeyd edək ki, bu gün sənaye sektoru ölkə iqtisadiyyatında mühüm istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri də məhz sənaye sektorunun payına düşür. Xüsusilə, ölkəmizdə mühüm prioritet kimi qəbul edilmiş qeyri-neft sektorunun inkişaf etdirilməsi milli sənayedə şaxələndirməni gerçəkləşdirir, əhali məşğulluğunda məmnunluq yaradır. Bu sahədə diqqət çəkən əsas amillərdən biri də aparılan sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə istinad olunmasıdır. Respublikamızda son illərdə yaradılan sənaye parkları şəbəkəsi də bunu bir daha təsdiq edir.

Qeyri-neft sektorunda nəzərə çarpan müsbət dinamika həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların geniş cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.

Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və mövcud sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.

Qədim diyarın inkişafında da sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, bu bölgədə sənaye parklarının yaradılması və sözügedən sahəyə investisiya cəlb olunması Naxçıvanın resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla onun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Onu da deyək ki, sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır, həmçinin sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunurlar. Bununla yanaşı, sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan şəraitdən faydalanaraq yeni istehsal sahələrinin yaradılmasına sərmayələr yönəldirlər. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Sənaye Parkının yaradılması haqqında 5 dekabr 2024-cü il tarixli Fərmanı da bu və digər əhəmiyyətli tərəfləri ilə seçilir.

Nəzərə alaq ki, Naxçıvan İqtisadi Zonası ölkəmizdə mühüm aqrar-sənaye bölgələrindən biridir. Muxtar respublikanın zəngin faydalı qazıntı yataqları burada bir çox sənaye müəssisələrinin fəaliyyəti üçün mühüm xammal bazasıdır. Təsadüfi deyil ki, hələ sovetlər birliyi dönəmindən muxtar diyarda şüşə qablar, redioelektronika, travertin, xalçaçılıq, alt trikotaj və bir digər sahələr üzrə böyük sənaye müəssisələri fəaliyyət göstərib. Həm aqrar, həm də sənaye istiqamətləri üzrə mövcud potensial muxtar respublikanın yerli istehsalında mühüm rol oynayıb.

Müasir dövrdə isə mövcud potensialdan səmərəli istifadə üçün bir çox rentabelli yollar var ki, onlardan biri də məhz yeni sənaye parklarının yaradılmasıdır. Bu mənada ölkə başçısının muxtar respublika ilə bağlı növbəti fərmanı təqdirolunasıdır. Digər tərəfdən nəzərə alaq ki, ölkəmizdə müasir sənaye parklarının infrastrukturu, burada sahibkarların fəaliyyəti üçün dəstəkyönümlü tədbirlərin həyata keçirilməsi kifayət qədər investisiya cəlbediciliyi yaradır ki, bu da iş adamları üçün yeni fürsətlər yaradır. Artıq fərmanda da qeyd olunduğu kimi Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili üçün qısa müddətdə ərazinin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsindən 500 min manat vəsait də ayrılıb.

Muxtar respublika ərazisində yeni sənaye parkının yaradılması üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsinin seçilməsi də mühüm əhəmiyyət daşıyır. Belə ki, sənaye fəaliyyəti üçün Naxçıvan şəhərindən kənarda, eyni zamanda, gediş-gəliş üçün yaxın məsafədə yerləşən ərazi, paralel olaraq Naxçıvanın Türkiyə vasitəsi ilə Qərbə, xüsusilə gələcəkdə Zəngəzur dəhlizi vasitəsi ilə müxtəlif istiqamətlərdə yük daşımalarına öz müsbət təsirini göstərəcək.

Məsələnin digər əhəmiyyətli tərəfi odur ki, Naxçıvan Sənaye Parkının yaradılması yaxın gələcəkdə muxtar respublikada əhali məşğulluğunun təmin olunmasında böyük rol oynayacaq. Gələcəkdə müxtəlif sahələr üzrə yaradılacaq sənaye rezidensiyaları burada kadr potensialının formalaşmasına təsir edəcək ki, bu da, öz növbəsində, yerli mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Bir sözlə, ölkə rəhbərinin bu fərmanı Naxçıvanın sosial-iqtisadi inkişafının gələcək hədəflərinə yönəlmiş növbəti addım olmaqla, regionun çiçəklənməsinə öz müsbət təsirini göstərəcək.

Sahibkarlığa dəstək yüksəlib

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Bu baxımdan, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlər prioritetdir. Qeyd olunan məsələlərlə bağlı dövlət qurumlarının və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müzakirələrin aparılması, çətinliklərin həlli yollarının tapılması, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi mühüm önəm daşıyır.

Ölkəmizdə, eləcə də onun ayrılmaz tarixi bir bölgəsi olan Naxçıvanda biznes və investisiya mühiti davamlı şəkildə yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, dövlət-biznes dialoqu genişlənir. Sahibkarların maliyyə resurslarına daha rahat və sistemli çıxışının təmin olunması, vergi, sosial və digər güzəştlərin tətbiqi, investisiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və s. tədbirlər biznes fəaliyyətinin daha da genişlənməsinə münbit şərait yaradır. Məqsədyönlü dövlət proqramları çərçivəsində bölgələrimizin tarazlı inkişafının sürətləndirilməsi prioritetinə uyğun olaraq həyata keçirilən tədbirlər bütün regionlarımızı, o cümlədən, Naxçıvanı da əhatə edir.

Qədim diyarımızda iqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsininin daha da yüksəldilməsi üçün bölgənin zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, ixrac potensialının artırılması və s. layihələr həyata keçirilir. Bütün bu qeyd edilənlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artmasını şərtləndirəcək.

Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrində rentabelliyin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının, nəqliyyat-tranzit imkanlarının artırılması, qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. məqsədlərə nail olunması baxımından islahatların həyata keçirilməsi zamanın diqtəsi kimi xüsusi diqqət çəkir.

Bölgədə son illərdə reallaşdırılan layihələr öz bəhrəsini verib: Muxtar respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–noyabr aylarında burada ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 365 milyon manat (2023-cü ilin müvafiq dövründəki göstəricidən 1 faiz çox) olub. Hesabat dövrü ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 0,4 faiz artaraq 2 milyon 906 min manata yüksəlib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci il üzrə ÜDM 1,5 milyard manat (2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 faiz çox) proqnozlaşdırılıb. Gələn il ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub. Sənaye məhsulu üzrə 3,7 faiz, kənd təsərrüfatı məhsulu üzrə 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 faiz artım proqnozlaşdırılıb.

Vergi daxilolmaları çoxalıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda iqtisadiyyatın diversifikasiyası, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının qorunması kimi mühüm hədəflər müəyyənləşdirilib. Sənəddə dövlət qurumları ilə biznes subyektləri arasında əlaqələrin gücləndirilməsində müasir texnologiyaların və rəqəmsal mühitin tətbiqinin önəmi diqqətə çatdırılıb.

İqtisadi islahatlar vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Bunun nəticəsində cari ilin 11 ayında vergi daxilolmaları ilk dəfə olaraq 200 milyon manatı (müəyyənləşdirilən proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çox) ötüb. Hesabat dövründə vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci illə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz artıb. Bununla yanaşı, ötən 11 ayda məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları isə 16,7 faiz çoxalıb. Fəal vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21 min 374-ə çatıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan “Online NKA”-ların sayı 70,4 dəfə, aktiv POS-terminalların sayı isə 4,7 dəfə çoxalıb.

Dövlət əmlakının idarə olunmasında da müsbət nəticələr əldə olunub. Yeni bağlanmış icarə müqavilələrinin sayı 44 faiz azalsa da, icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb. Özəlləşdirmədən daxilolmalar 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb. Bundan başqa, hesabat dövründə 16,6 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox) güzəştli kreditin geri qaytarılması təmin olunub.

Naxçıvan Muxtar Respublikası üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb. Bu paketin qeydiyyata alınan və orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacağı nəzərdə tutulub. Güzəştlər paketində subyektlərin vergi yükünün azaldılması, iri həcmli vergi güzəştlərinin verilməsi, real sektorun vergi dərəcələrinin sıfırlanması, 10 il müddətinə vergidən azad edilməsi təşəbbüsləri də yer alıb. Bütövlükdə əsas məqsəd Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yaranacaq vergi ödəyicilərinə vergi güzəşləri verməklə onlar üçün əlverişli biznes mühitini təmin etmək olub. Bu layihənin gələn ildən qüvvəyə minəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin 11 ayı ərzində adıçəkilən nazirlik tərəfindən “ASAN xidmət” vasitəsilə sahibkarlara 88 lisenziya verilib. Muxtar respublikanın müvafiq qurumlarının verdiyi 4758 icazə reyestrdə qeydiyyata alınıb və bunun nəticəsində 143,6 min manat vəsait (ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən daxilolmalar isə 2,3 dəfə çox) əldə edilib.

Bununla yanaşı, cari ilin 10 ayı ərzində qədim diyarda istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 3,2 milyon dollar, Rusiya Federasiyasına 1,2 milyon dollar, Yəmən Respublikasına 1,3 milyon dollar və digər ölkələrə 3,1 milyon dollar olmaqla, ümumilikdə, 8,8 milyon dolları dəyərində ixrac olunub. Hesabat dövründə Naxçıvanda istehsal olunmuş məhsulların ixracı üçün 335 mənşə seritfikatı (ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çox) verilib.

Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV,
Səbuhi HƏSƏNOV
XQ
Bakı – Naxçıvan – Bakı







Sosial həyat