Qədim Türk mədəniyyətinin zəngin irs olaraq gələcək nəsillərə ötürülməsi və bu irsin qorunub saxlanılması məqsədilə keçirilən IX Türk Dünyası Sənədli Film Festivalı uğurla başa çatıb.
Bir müddət öncə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” filmi də festivalda tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmişdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi yönündə araşdırmaların, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd əzəli torpaqlarımızdakı maddi-mədəni irsimizin təbliğidir. Filmdə Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək” əsəri əsasında qurulmuş bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb. Çəkilişləri Bakı, İsmayıllı, Gədəbəy və Kəlbəcərdə aparılan filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
Nəhayət, qardaş ölkədən gözlənilən şad xəbər alınıb. “Türkiyə mədəniyyəti və Türkiyənin dünyaya baxışı” mövzusunda keçirilən festivalın mükafatlandırma mərasimində elan edilib ki, “Sarı gəlinin sorağında” Türk Dövlətləri Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görülüb. Mükafat filmin rejissoru Mübariz Nağıyevə təqdim olunub. Bu barədə danışmaq üçün filmin ssenari müəllifi Füzuli Sabiroğlu ilə əlaqə saxladıq. O dedi:
– Əvvəlcə hədsiz dərəcədə sevindiyimi bildirərək deyim ki, başlıca ideyaya nail olmaq üçün etnoqrafiya və folklordan köməkçi vasitə kimi istifadə edilmiş film festival iştirakçılarına olduqca xoş təəssürat bağışlayıb. Əks halda ciddi münsiflər onu fərqləndirməzdilər.
Qeyd edim ki, “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsi 2 hissədən ibarətdir – sənədli filmdən və “western-azerbaijan.az” saytının yaradılmasından. Bizim filmdə 1930-cu illərdə İrəvanda tarixi abidələrimizin dağıdılması, yeni şəhər yaratmaq adı altında şəhərin məhv edilməsi ilə bağlı kadrlar yer alıb. Filmin bədii səhnələrində aktyorlarımız Qıpçaq qızını və Oğuz igidi obrazlarını ustalıqla canlandırıblar. Filmdə, həmçinin vaxtilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə yer verilib. Eləcə də 1930-cu illərə dair arxiv kadrlarından və Moskvadan əldə edilmiş materiallardan istifadə etmişik.
Sonda müsahibimiz bu istiqamətdə yaradıcılıq axtarışlarını davam etdirəcəklərini söylədi.
XQ