Maral Poladova – 75
Azərbaycan Mətbuat Şurasında tədqiqatçı-jurnalist, AMEA Ədəbiyyat İnstitutunun elmi nəşrlərinin məsul katibi Maral Poladovanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən yubiley mərasimində peşəkar mediamızın tanınmış qadın nümayəndəsinin ölkənin elmi nəşrlərində çoxillik səmərəli fəaliyyətinə geniş nəzər salındı.
MŞ sədri Rəşad Məcid yubilyar jurnalisti səmimi təbrik edərək onun zəngin və mənalı ömür yolundan söz açdı. O bildirdi ki, Maral xanımı jurnalistikaya hədsiz sevgi gətirib və yarım əsrdən çoxdur ki, bu sahədə yorulmadan çalışır. Keçid dövründə mediamızın yaşadığı çətinliklərə baxmayaraq, həmkarımız mətbuatdan uzaqlaşmayıb, müstəqillik dövrü jurnalistikamızın inkişafına öz töhfəsini verib. Bütün bunlar ona elmi-mədəni ictimaiyyətin və geniş oxucu dairəsinin dərin hörmətini qazandırıb.
Rəşad Məcid milli jurnalistikamızın inkişafında çoxillik səmərəli xidmətlərinə görə Maral Poladovaya MŞ-nin yubiley diplomunu təqdim etdi.
MŞ Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu yubiliyara yaşlı nəsil həmkarlarının təbrik və ehtiramını çatdıraraq onun yaradıcılıq bioqrafiyasını təqdim etdi.
Bildirildi ki, 1949-cu ildə Goranboy rayonunda anadan olmuş Maral Poladova 1966-cı ildə orta məktəbi bitirdikdən sonra, o vaxtın əmək stajı tələbinə uyğun olaraq, rayonda çıxan “Mübariz” qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968-ci ildə ali jurnalist təhsili almaq arzusuna qovuşmuş gənc qələm sahibi 1973-cü illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İlk dövrdə AMEA Əlyazmalar Fondunda fəaliyyətə başlayan jurnalist taleyini birdəfəlik elmi publisistikaya bağlayıb.
“Elm və həyat” jurnalı ilə fəal əməkdaşlıq edən həmkarımız 1983-cü ildən son illərədək burada müxbir, baş müxbir və məsul katib vəzifələrində çalışıb. O, eyni zamanda, “Elm və həyat” nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub. Qocaman jurnalist hazırda peşəkar fəaliyyətini Ədəbiyyat İnstitunun baş mütəxəssisi kimi davam etdirir, bu elm ocağının jurnallarının məsul katibidir. Maral Poladova 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və digər yaradıcılıq mükafatlarına layiq görülüb.
Yubiliyarla uzun illər birlikdə çalışan tanınmış jurnalist, AMEA Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova, tələbə yoldaşlarından – Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov, Əməkdar jurnalist Rəhim Hüseynzadə, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, jurnalist Əfruzxanım Fərzəliyeva, AMEA Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı, şöbə müdiri Töhfə Talıbova, ədəbiyyatşünas Mənzər Niyazlı, Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, MŞ-nin əməkdaşı İlqar Tağıyev və digər çıxış edənlər Maral Poladovanı həssas, səmimi insan, sadiq dost, yurdsevər ziyalı, kamil jurnalist kimi səciyyələndirdilər, ona möhkəm cansağlığı və yeni uğurlar arzuladılar.
Sonda Maral Poladova səmimi təbriklərə, verilən dəyərə, göstərilən ehtirama və xoş arzulara görə təşəkkürünü bildirdi.
T.RÜSTƏMLİ
XQ