Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin mediaya bildirdiyinə əsasən, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın Avropaya ilkin mərhələdə 4 qiqavat “yaşıl” enerji ixrac edəcəyi layihənin texniki-iqtisadi əsaslandırılmasının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatı COP29 çərçivəsində keçiriləcək “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim olunacağı nəzərdə tutulur.
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı 2022-ci ilin dekabr ayından etibarən layihə üzrə Nazirlər/Rəhbər Komitənin 8 iclası keçirilib.
Nazirin sözlərinə görə, bu ilin sentyabrında qərargahı Buxarestdə yerləşən Birgə Müəssisə yaradıldı. Dəhlizin reallaşdırılması ilə bağlı proseslərə gələn ildən başlanılması planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq vacib layihədir. Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir.
Hazırda “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi”nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur. Bu isə dəhlizin Avropada təchizat təhlükəsizliyini gücləndirəcəyini, təmiz enerjiyə keçidi sürətləndirəcəyini, eyni zamanda, “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Mərkəzi Asiya–Avropa” “yaşıl” enerji dəhlizlərinin Avrasiya miqyaslı vahid “yaşıl” enerji platformasına çevriləcəyini deməyə əsas verir.
Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, həmin dəhlizlər bərpaolunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı gerçəkləşdirəcək. Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən ötürməklə strateji missiya yerinə yetirmiş olacaq.
Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpaolunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür.